10 C
Baku
Saturday, November 23, 2024

“Binə” ticarət mərkəzində sahibkarların ₼1.5 mln.-dan çox pulunu ələ keçirən şəxs həbs edildi

“Binə” ticarət mərkəzində işləyən sahibkarların 1.5 milyon manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirən, Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs – İlqar Bayramqulu oğlu Abasovun məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində məlum olub ki, ittiham aktına görə, 6 nəfər – Samir Rəcəb oğlu Azadəliyev, Ramid Əmirxan oğlu Vəliyev, Niyazi Mirzəağa oğlu Mərdanov, Elşad Rakif oğlu Hüseynov, Vüsal Malik oğlu Kazımov və Sudef Əliağa oğlu Nağıyev zərərçəkmiş şəxs qismində tanınıblar.

Əvvəlcə məlum olub ki, ibtidai istintaq dövründə cinayət işini aparan istintaq orqanı təqsirləndirilən şəxs İlqar Abasov barədə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçib. Hakim təqsirləndirilən şəxsin anket məlumatlarını dəqiqləşdirən zaman İlqar Abasovun əvvəllər məhkum olunduğu, himayəsində yetkinlik yaşına çatmayan bir azyaşlı övladının olduğu və hazırda işləmədiyi aşkar edilib. Dediyinə görə isə, ötən ilə kimi “Binə” ticarət mərkəzində paltarların səyyar satışı ilə məşğul olub.

Sonra dövlət ittihamçısı cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olduğu, təqsirləndirilən şəxs barədə qətimkan tədbirinin dəyişdirilməməsi və işin məhkəmə baxışına verilməsini məhkəmə heyətindən xahiş edib. Bundan sonra tərəflər prokurorun çıxışına öz münasibətlərini bildiriblər. Zərərçəkmiş Samir Azadəliyevin vəkili Elxan Azadəliyev təqsirləndirilən İlqar Abasov barədə həbs qətimkan tədbirinin dəyişdirilməsini təklif edib və fikrini belə əsaslandırıb ki, İlqar Abasov zərərçəkmişlərə vurduğu ziyandan heç bir məbləğ ödəməyib, əksinə azadlıqda qalaraq onlara təsir göstərir.

Bundan sonra digər zərərçəkmiş Ramid Vəliyevin vəkili Ramil Vəliyev bildirib ki, ötən ilin yayında İlqar Abasov zərərçəkmişlərə dəymiş ziyanı ödəməməkdən ötrü qəsdən özünə bıçaq xəsarəti yetirərək hospitala yerləşdirilib:

“Oradan isə zərərçəkmişlərə telefonla mesajlar yazaraq onları hədələyərək bildirib ki, başıma bir iş gəlsə, günahkar sizsiniz”.

Ancaq Nizami Rayon Prokurorluğu İlqar Abbasovun həm özünə xəsarət yetirməsi, həm də onun təzyiqlərə məruz qalması iddiaları ilə bağlı əsaslara görə cinayət işinin başlanmasını rədd edib. Həmçinin vəkil onu da əlavə edib ki, İlqar Abasov bazarda paltarların səyyar satışı ilə ancaq gözdən pərdə asmaq üçün məşğul olub, əsasən ticarət mərkəzində qanunsuz puldəyişmə məntəqəsi işlədib. Onun əsas işi xaricə qanunsuz yollarla pul göndərmək olub. Və sonda məhkəmədən xahiş edib ki, təqsirləndirilən şəxs barəsində həbslə bağlı qətimkan tədbiri seçilsin.

Məhkəmə zalında iştirak edən üç nəfər zərərçəkmiş də vəkillərin fikirləri ilə razı olduqlarını bildiriblər.

Təqsirləndirilən şəxsin vəkili Elsevər Xanəliyev isə müvəkkili barədə qətimkan tədbirinin dəyişdirilməməsini xahiş edib. İlqar Abasovun vurduğu ziyandan isə, ümumiyyətlə, danışmayıb.

Hakimlər müşavirədən qayıtdıqdan sonra qərarı elan ediblər. Təqsirləndirilən İlqar Abasov barədə qətimkan tədbiri dəyişdirilərək həbslə bağlı qətimkan tədbiri seçilib və o, konvoy tərəfindən məhkəmə zalında həbs edilib.

Növbəti məhkəmə prosesi iyulun 31-nə kimi təxirə salınıb.

Cinayət işinin başlanmasına əsas səbəb isə Samir Rəcəb oğlu Azadəliyevin “Binə” ticarət mərkəzində satışını həyata keçirdiyi Türkiyə Respublikasından sifariş etdiyi geyim əşyalarının köçürmə yolu ilə ödənilməsi adı ilə külli miqdarda pulunun İlqar Bayramqulu oğlu Abasov və Sudef Əliağa oğlu Nağıyev tərəfindən ələ keçirilməsi barədə 9 avqust 2023-cü il tarixdə Daxili İşlər Nazirliyinə ünvanlandığı müraciəti olub. Məlum olub ki, İlqar Bayramqulu oğlu Abasov etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xüsusilə külli miqdarlarda ziyan vurmaqla təkrarən dələduzluq edib.

Sonda məhkəmə zalında olan zərərçəkmişlərin vəkilləri onu da qeyd etdilər ki, cinayət işində zərərçəkmiş qismində tanınan Nağıyev Sudef Əliağa oğlu əslində İlqar Abasovla əlbir olaraq ittiham aktında adıçəkilən şəxslərə qarşı dələduzluq edib. Bu barədə cinayət işinin materiallarında kifayət qədər sübutlarda var. Sadəcə özünü zərərçəkmiş qismində tanıda bilib. Bunu isə İlqar Abasovun ona qarşı da dələduzluq etməsi ilə əsaslandırıb.

MənbəUnikal
Son xəbərlər
Digər xəbərlər