5 C
Baku
Monday, December 23, 2024

Binəqədidə söküləcək 166 fərdi yaşayış evində yaşayan ailələr yeni tikilən binalarda mənzillə təmin ediləcəklər

Binəqədi rayonu Biləcəri bələdiyyəsi ərazisində yeraltı qaz sızması aşkar olunmuş zonadakı 166 fərdi yaşayış evi söküləcək, bu ailələr rayonda tikiləcək yeni binalarda mənzillərlə təmin olunacaq.

 

Bunu APA-ya açıqlamasında Nazirlər Kabineti Bakı şəhərinin Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə qərarına əsasən söküləcək fərdi evlər və binalarla bağlı sualı cavablandıran Binəqədi rayon İcra Hakimiyyətinin İctimai, siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçi Rəvanə Əliyeva bildirib.

 

Həmin ailələr binalarda mənzillə təmin edilənə qədər kirayə mənzillərə köçürüləcəklər, kirayə pulları ödəniləcək. Yeni tikilən binalarda bu ailələrə verilən mənzillərin sahəsi isə onların sökülən evlərinin sahələrindən 5-10 kv.m çox olacaq.

 

R. Əliyeva qeyd edib ki, Binəqədi rayonu üzrə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən, 1247 ailə yaşayan 49 çoxmənzilli yaşayış binası da söküləcək və yeni binalar tikiləcək. Bu binalardakı ailələr də yeni binalara köçürülənə qədər kirayə mənzillərlə təmin olunacaq, onlara yeni binalarda verilən mənzillərin də sahəsi əvvəlki mənzillərindən 5-10 kv.m çox olacaq.  Artıq bununla bağlı bir şirkət Binəqədi rayon İcra Hakimiyyətinə müraciət də edib.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin qərara əsasən Binəqədi Rayon İcra Hakimiyyəti 5 il müddətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən Binəqədi rayonu üzrə 1247 ailə yaşayan 49 çoxmənzilli yaşayış binasının, həmçinin Biləcəri bələdiyyəsi ərazisində yeraltı qaz sızması aşkar olunmuş zonadakı 166 fərdi yaşayış evinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin müfəssəl planlarının hazırlanmasını və təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməlidir. Eyni zamanda rayon İcra Hakimiyyəti mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb edəcəkləri kredit vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan, söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etməlidirlər.

Bizi twitterdə izləyin @Bankeraz

Son xəbərlər
Digər xəbərlər