8 C
Baku
Thursday, December 12, 2024

“Bina evlərində fərdi kombilər ləğv edilməli, təmirsiz mənzillərin satışı dayandırılmalıdır”

“Bu günə qədər tikilən binalarda bir neçə tikinti şirkəti enerji effektivliyinə əməl edib. O binalarda yaşayan əhali həm sağlam yaşayır, həm də evini qızdırmaq üçün digərlərinə nisbətən 2-3 dəfə az vəsait ödəyir”.

Bunu bu gün Milli Məclisdə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Razi Nurullayev bildirib.

Razi Nurullayev deyib ki, Şəhərsalma və Tikinti Məcəlləsində enerji effektivliyi ilə bağlı tələblər dəstəkləyir: “Bu qərarı vermək üçün ən azı 20 il gecikmişik. Bu tələblər necə yerinə yetiriləcək? Bu problemlərin həlli üçün müəyyən qadağalar və tövsiyələr hazırlanıb təqdim edilməlidir. Hər binada yüzlərlə kombi istilik sistemi var. Həm qaz sərfiyyatı, həm xeyli xərc, həm də ekoloji fəlakətdir. Onun üçün də bütün yeni tikilən binalara mərkəzi istilik tələbləri qoyulmalıdır. Bina evlərində fərdi kombilər ləğv edilməlidir. Enerji effektivliyinin tətbiq edilməsi, təbii ki, tikinti sahəsində qiymətlərin də bahalaşmasına səbəb olacaq. Amma, mənzilin aylıq xərcində bu özünü tamamilə doğruldacaq. Onun üçün də enerji effektivliyi üçün tələblər ciddi şəkildə həyata keçirilsin”.

Deputat qeyd edib ki, digər bir problem evlərin təmirsiz satılmasıdır: “Mən bu məsələdə də qanuna müvafiq dəyişikliyi təklif edirəm. Bundan sonra tikilən bütün binalar təmirli və standartlara uyğun şəkildə təhvil verilsin. Təmirsiz mənzillərin satışı dayandırılsın. Əlavə olaraq, təklif edirəm ki, bir poçt qutusu da qoyulsun və iş adamları problemlərini, onları incidənləri, onların biznesinə vəzifə səlahiyyətlərindən istifadə edib şərik olmaq istəyənlərin, rüşvət verdikləri şəxslərin adını yazıb atsınlar. Məktubları da birbaşa Prezident özü açıb qutudan götürsün”.

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə poçt qutusu təklifinə etiraz edib: “Biz indi hansı dövrdə yaşayırıq ki, Cəlil Məmmədquluzadənin poçt qutusundan istifadə edək? Bu gün internet var, Prezidentin saytı var. Bu gün qaynar xətlər fəaliyyət göstərir. Digər tərəfdən, ölkəmizdə sahibkarlıq inkişaf edir. Bu gün azad olunan ərazilərdə quruculuq işləri aparılır. Kənd və şəhər arasında demək olar fərq aradan qaldırılır. Ola bilər hansısa sahədə problem olsun. Bunun sahibkar tərəfindən, ya da qarşı tərəfdən olduğunu araşdırmaq lazımdır. Bu gün sahibkarlar da vergidən yayınmaq üçün başqa bir qoca adamın adına şirkət açır, özü kənardan işini görür. İşçiləri əmək müqaviləsi ilə işə götürməyənlər var. Amma bura Milli Məclisdir, qaldırılan bütün məsələlərin arxasında konkret fakt dayanmalıdır”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər