Bioloji aktiv qida maddələrinə (BAQM) nəzarət gücləndiriləcək.
Banker.az bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
AQTA-dan bildirilir ki, “Qida təhlükəsizliyi haqqında” yeni qanun layihəsində bioloji fəallığa malik qida əlavələrinin adı bioloji aktiv qida maddələri ilə əvəzlənib, həmçinin nəzarət tədbirlərinin artırılması təsbit olunub. Belə ki, bu məhsulların emalı və dövriyyəsinə yalnız dövlət qeydiyyatı aparıldıqdan sonra icazə veriləcək. Dövlət qeydiyyatına alınmamış bioloji aktiv qida maddələrinin ölkə ərazisində dövriyyəsi isə qadağan olunacaq.
Bundan əlavə, yeni qanunvericilikdə BAQM-ın təhlükəsizlik (çirkləndirici, mikrobioloji, baytarlıq preparatlarının qalıq miqdarı) və etiketlənmə tələblərinin yer aldığı sanitar norma və qaydalarının təsdiq edilməsi nəzərdə tutulur.
Qeydiyyat respublika ərazisində ilk dəfə emal olunacaq BAQM üçün emal mərhələsində, ölkə ərazisinə ilk dəfə idxal olunacaq BAQM üçün isə idxaldan əvvəl həyata keçiriləcək.
BAQM-ın respublika ərazisində emal edildiyi qida biznesi obyektlərində emal edilmiş və dövlət qeydiyyatına alınması üçün müraciət edilmiş ilk məhsulun qeydiyyatı mərhələsində həmin obyektlərdə qiymətləndirmə həyata keçiriləcək.
Agentlikdən verilən məlumata görə, dövlət qeydiyyatına alınmış BAQM reyestrə daxil ediləcək.