Bir araşdırma nəticəsi Çinin inkişaf istiqamətini necə dəyişdirdi?

Elman Sadıqov, iqtisadçı-ekspert

Hazırda dünya ölkələrində büdcə müzakirələri yekunlaşmaq üzrədir. Büdcələrdə elm, təhsil və xüsusilə R&D (ingilis dilində research&development sözlərinin baş hərfləridir, azərbaycan dilində hərfi tərcüməsi araşdırma və inkişaf etdirmə (bizdə bu işləri tədqiqat mərkəzləri aparsa da, bu söz tam əhatə etmir və tələblərə cavab vermir), Türkiyə türkcəsində araştırma-geliştirme) sahələrinə ayrılan vəsaitlərin həcmi artır. Təhsilin mahiyyəti və vəzifələri ilə bağlı bir yazımda mövqeyimi əks etdirdiyim üçün təkrara yol vermədən məhz R&D mövzusuna qısaca toxunacağam. R&D nədir? R&D fərqli sahədir (bir çoxları bunu elm və təhsil sahəsinə aid etsə də, məncə qətiyyən belə deyil). R&D formal yanaşmanı sevməyən, düzgün təşkil olunduqda öz sahəsinə, ətrafına həqiqi intellektləri cəlb edən, konkret hədəfə fokuslanan, bir fərdin, sahənin, ölkənin inkişafında mühüm rol oynayan bir sahədir. R&D-nin bir ölkənin inkişafındakı rolu haqqında bircə misal çəkəcəyəm və bu misalın geniş oxucu kütləsi üçün də maraqlı olacağını düşünürəm.

2000-ci illərin ortalarında Böyük Britaniya araşdırma mərkəzlərindən birində araşdırma mövzusu bu oldu ki, nə üçün Çin geniş istehsal imkanları, ucuz işçi qüvvəsi olmasına və xaricdə istehsal olunan hər hansı məhsulun surətini çıxara bilməsinə, eynisi istehsal etməsinə baxmayaraq özü yeni məhsul, yeni texnologiya ixtira etmir. Çində yenilik yoxdur. Təxminən 2003-2005-ci illəri əhatə edən araşdırmalar nəticəsində aydın olur ki, Çində R&D sahəsinə ayrılan vəsait ABŞ və digər inkişaf etmiş ölkələrlə müqayisədə azdır, elmi fantastika ilə bağlı kitablar ABŞ, Yaponiya, Avropa qədər oxunmur,  Hollywood çəkən tərzdə fantastik deyil, sadəcə döyüş filmləri çəkilir və baxılır. Bu isə əsas nəticəni doğurur: vizyonla bağlı problemlər var, insanlarda düşüncə məhdudiyyəti formalaşıb, gələcəyi görə bilmir və ya təsəvvür edə bilmirlər. Bu vacib və geniş araşdırma və nəticəni Çinə satdılar. (Böyük Britaniya və Çin əlaqələri, Britaniyanın Çinin inkişafında rolu və bir proyekti olması başqa mövzudur). Bundan nəticə çıxaran Çin məhz qeyd olunan çatışmazlıqları aradan qaldırmaq üçün Hollywood və digər prodakşn mərkəzlərinin fantastika ilə bağlı filmlərini Çin dilinə tərcümə etdilər, fantastik əsərlərin satışı və təbliği artdı, texnologiya sahəsində olan mütəxəssisləri xaricdə təcrübəyə (vaxt keçirmək, şoppinq, sertifikasiya, diplom deyil, məhz əsl təcrübələrə) göndərdilər. R&D sahəsinə ayrılan vəsait ilbəil artmağa başladı. (Haşiyə: 2019-cu ildə Çin R&D sahəsinə məhz təqribən ABŞ qədər vəsait ayırmışdır: 400 milyard dollardan bir az çox). 2008-ci ildən etibarən bu addımlar yavaş-yavaş nəticə verməyə başladı və Çin 5G texnologiyası daxil olmaqla bir çox yeniliklərə imza atan ölkəyə çevrilməyə başladı. Bunlardan ruhlanan Çin qarşısına məqsəd qoyub ki, 2023-cü ildə Süni Zəka (Artificial İntelligence) sahəsində ABŞ-ı, 2030-cu ildə isə dünyanı geridə qoyub liderliyə yüksələcək. Bircə araşdırma nəticəsində ölkənin inkişaf istiqamətində sıçrayış və həmin sıçrayışın isə ortaya qoyduğu konkret nəticələr və ambisiyalı hədəflər.

Araşdırma, vizyon, düşüncə, intellekt fərqli bir sahədir və vacibdir. Həm də gələcəyin sahələridir.

Başqa bir maraqlı misal (belə misallar yüzlərlədir). Məşhur Avatar filminə hamımız baxmışıq. O filmdə Avatarın üzərində uçduğu heyvanla əlaqəsi şüurladır. Yəni, nə düşünsə heyvan onu edir. Həmin ideyanı bir firma gerçəkləşdirdi və əlil arabalarında tətbiq etməyə başladı. Əlil arabasında oturan əlil (başına və əllərinə əlaqə yaradan naqilləri yapışdırmaqla) əlil arabasının hərəkət istiqamətlərini sadəcə düşünür, araba onun istəklərini yerinə yetirərək, sağa, sola, düz gedir və sair.

Başqa bir misal. Məşhur yazıçı Jul Vernin romanlarında təxminən 120-dən çox fantastik cihaz, hadisə var idi. İndiyə kimi həyata keçməyən, ixtira olunmayan cəmi 9-10 məsələnin qaldığı deyilir. Qalanlarının (aya uçmaq, sualtı qayıq və sair) hamısı ixtira olunub.

15 ildən çoxdur ki, istər baş verən böhranların səbəbləri, gedişatı və çıxış yollarını, istərsə də ayrı-ayrı ölkələrin iqtisadi inkişaf yolları, səbəblərini, tətbiq olunan reseptləri araşdırdığım zaman da araşdırma məsələlərinin həlledici olmasına əmin oldum.

Bu səbəbdən keçdiyim təlimlərdə, seminarlarda, müxtəlif layihələr çərçivəsində tələbələr qarşısında birdəfəlik mühazirələrdə araşdırma, analitik təhlil yolları, statistikanın tətibiqi və sair haqqında danışarkən vizyon, düşüncə tərzini genişləndirmək, fantastik film və kitablardan nəticələr çıxartmağın yollarını da göstərməyə çalışırdım.

Bütün qeyd olunanların kökündə isə (nəticəyə fokuslanan, formal olmayan, ətrafında intellektləri birləşdirən) R&D (araşdırma və inkişaf etdirmə) sahəsinin inkişafı durur.

P.S. Yazı geniş oxucu kütləsi üçün də nəzərdə tutulduğu üçün mürəkkəb ixtiralar, terminlər və sair haqqında deyil, hamı üçün maraqlı olan məsələlərə toxunmaqla  R&D sahəsinin fərqini, bu sahədəki trendi və əhəmiyyətini göstərməyə çalışdım.

Müəllif: Elman Sadıqov, iqtisadçı-ekspert


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.