Almaniyanın WELT jurnalının baş redaktoru Yan Filipp Burqard OpenAI şirkətinin baş direktoru Səm Altmanla müsahibə aparıb. Söhbət zamanı Altman süni intellektin gələcəyi barədə fikirlərini bölüşüb.
Onun sözlərinə görə, hətta hazırkı GPT-5 modeli belə bir çox məqamlarda insanların qabiliyyətlərini üstələyir. “Bəzi sahələrdə GPT-5 məni və, düşünürəm ki, bir çox insanı geridə qoyur. O, heyrətamiz nəticələr göstərir və bir çoxunu təəccübləndirir”, — deyə Altman bildirib.
O həmçinin qeyd edib ki, son üç ildə ChatGPT-nin təqdimatından bəri modellər sürətlə inkişaf edib. Onun fikrincə, yaxın illərdə süni intellekt elmi sahədə elə kəşflərə imza ata bilər ki, insanlar buna qadir olmayacaq. Belə texnologiyanı artıq “superintellekt” adlandırmaq olar.
Altman proqnoz verib ki, əgər 2030-cu ilə qədər insan imkanlarını aşan, inanılmaz dərəcədə səmərəli modellər ortaya çıxmasa, bu, onun üçün təəccüblü olacaq. O, həmçinin 2026-cı ildə də inkişaf tempinin 2024 və 2025-ci illərdəki qədər yüksək olacağını gözlədiyini bildirib.
Müsahibə zamanı Burqard Altmandan yaxın gələcəkdə süni intellektin iqtisadiyyata təsirini də dəyərləndirməsini xahiş edib. OpenAI rəhbəri əminliklə deyib ki, artıq çox tezliklə süni intellekt iqtisadiyyatdakı işlərin 30-40 faizini öz üzərinə götürəcək.