30.01.2026-cı il tarixdə qızıl 11%, gümüş 35% düşərək dünya bazarlarında şok yaratdı. Hər kəs səbəbləri haqqında müxtəlif versiyalar söyləyir, təhlillər edirlər. Amma daha çox səbəblərə deyil, qiymətlərə, maliyyə bazarlarına fokuslanan analitiklərin diqqətindən əsas səbəbin qaçması məni təəccübləndirdi. Qiymətlərin enməsi diqqətləri əsası köklü səbəb olan Kevin Uorşdan yayındırdı.
İndi isə qısaca əsas səbəbə keçək:
Prezident Tramp Kevin Uorşın FED sədri vəzifəsinə namizədliyini irəli sürdü. Kevin Uorşın FED Sədri kimi atacağı addımlar haqqında dediklərini proqnozlaşdırmaq üçün son illərdəki müxtəlif çıxışlarını təhlil etdim. Deməli, Kevin Uorş Trampın istəklərinə uyğun olaraq faizləri aşağı salacaq. Lakin, bu dollar üçün çox kəskin eniş demək olar. Artıq ABŞ-nin iri investorları, maliyyə dairələri və dolların arxasındakı güclər dolların qısa müddətdə bu qədər enişinin (həm də valyutalara qarşı dollar indeksinin) sistem üçün təhlükəli ola biləcəyi mesajını son bir həftədə verdilər. Bu səbəbdən Kevin Uorş mesaj verdi ki, faizləri endirəcək, lakin paralel olaraq həm də FED-in balansını kəskin şəkildə azaldacaq. Öncəki çıxışlarında o FED-i həddən artıq çox dollar çapında günahlandırırdı. Bu mesaj bazarlarda şok effekti yaratdı. Niyə? Çünki, faizləri aşağı salmaq dolları zəiflətsə də, dolların dövriyyədən çəkilməsi dollar təklifini azaldacaq, tələbi isə artıracaq. Nəticədə dolların faizi ensə də, dəyəri kəskin düşməyəcək. Bu səbəbdən qızıl, gümüş və coin`lərin maliyyə bazarlarındakı qiymətləri kəskin endi. Maliyyə bazarları bazar ertəsini gözləyir. Qeyd edim ki, hər bir halda bu əməliyyatlar nəticəsində müəyyən dairələr milyardlarla dollarlar qazandılar.
Suallar çoxdur. Niyə maliyyə bazarlarının özünə gəlmək üçün vaxta ehtiyacı var? Bəs niyə qızıl və gümüş çökmədi? Cavabım budur ki, Kevin Uorş həm də coin`lər tərəfdarı kimi tanınır. Yəni, Bitcoin başda olmaqla (o cümlədən Trampın coin`i) coin`lərin qiymətlərinin qalxması tərəfdarıdır. Bəs bu məsələ necə olacaq?
Faizlər enəcək, bazara dollar təklifi azalacaq, dollar dövriyyədən çəkiləcək, yəni FED-in balansı azalacaq, lakin, əvəzində off-şor şirkət və bank hesabları və dövriyyədən kənarda olan dollarlar dövriyyəyə cəlb ediləcəklər. Qeyd: Trampın hakimiyyətə gəlişindən indiyə qədər keçən 1 il bu sahədə atılan bir sıra addımları göstərir. Nəticə etibarilə, 2001-ci ildə bank sirrinin aradan qaldırılması ilə başlayan missiyanın ikinci mərhələsi, of-şorlarla bağlı addımlar atılacaq (bank sirrinin aradan qaldırılması birinci, of-şorların açılması ikinci mərhələdir fikirlərimi və səbəblərini açıqlayan bir neçə yazılarım olduğu üçün təkrara yol vermirəm).
Bütün bunların maliyyə bazarlarında, ölkələrin iqtisadiyyatları və bank sistemlərində, maliyyə və əmtəə birjalarında nələrlə nəticələnəcəyi başqa bir dərin mövzudur. ABŞ bir daşla 3 quş vurmağı hədəfləyir. Tutsa (bir sıra ölkələr üçün bir fəlakət), tutmasa dünya maliyyə sistemi üçün başqa böyük fəlakət olar. Hər bir halda bir fəlakət qaçılmazdır.
Önəmli qeyd: Maliyyə bazarlarında ciddi tərəddüdlər var. Fəlakət gözləntisi zatən qızılın qiymətinin kəskin enişinə mane olan amillərdəndir. Digər tərəfdən, Tramp və Kevin Uorş qızıl və gümüşün, o cümlədən Bitcoin daxil coin`lərin qiymətlərinin çökməsində maraqlı deyil. 02-03 fevral tarixlərində maliyyə bazarlarındakı hərəkətlər hər şeyi aydınlaşdıracaq. Bu tarixlərdə baş verənlər növbəti mərhələlərin indikatoru olacaq. Əslində isə məsələ təxminən bəllidir…
Müəllif:
Elman Sadıqov,
iqtisadçı-ekspert







