Ödəniş təşkilatının və elektron pul təşkilatının lisenziyasının ləğvi şərtləri məlum olub.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində əksini tapıb.
Aşağıdakı bir və ya bir neçə əsaslar olduqda Mərkəzi Bank bu Qanuna uyğun olaraq ödəniş təşkilatına və elektron pul təşkilatına verilmiş lisenziyanı ləğv edir:
– lisenziya sahibi lisenziyasının ləğvi barədə müraciət etdikdə;
– ödəniş təşkilatı və elektron pul təşkilatı bu Qanuna uyğun olaraq tətbiq edilən təshih tədbirlərini yerinə yetirmədikdə;
– Mərkəzi Banka bilərəkdən yanlış hesabat və ya məlumat təqdim edildikdə və ya ardıcıl olaraq sonuncu iki hesabat tarixinə hesabat təqdim edilmədikdə;
– lisenziyada nəzərdə tutulmayan fəaliyyət növlərini həyata keçirdikdə;
– cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinin pozulmasına görə ödəniş təşkilatına və ya elektron pul təşkilatına 1 (bir) il müddətində 2 (iki) dəfədən artıq inzibati tənbeh tətbiq edildikdə;
– ödəniş təşkilatı və elektron pul təşkilatı ləğv edildikdə və ya müflis elan edildikdə;
– lisenziyanın verilməsi üçün təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və ya təhrif olunmuş məlumatlar sonradan aşkar edildikdə;
– lisenziyanın qüvvəyə mindiyi gündən 12 (on iki) ay müddətində ödəniş təşkilatı və elektron pul təşkilatı fəaliyyətə başlamadıqda və ya fəaliyyəti dövrü müddətində ardıcıl olaraq 6 (altı) ay müddətində ödəniş xidmətlərini göstərmədiyi müəyyən edildikdə;
– mühüm iştirak pay sahiblərinin və ya benefisiar mülkiyyətçilərin lisenziya sahibinə təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda.
– Xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialına verilmiş lisenziya aşağıdakı bir və ya bir neçə əsaslar olduqda ləğv edilir:
-Yuxarida sadalanan əsaslar olduqda;
– xarici ölkənin səlahiyyətli orqanı tərəfindən xarici ödəniş təşkilatının və ya xarici elektron pul təşkilatının yerli filialının fəaliyyət göstərməsi qadağan edildikdə;
– xarici ödəniş təşkilatının və ya xarici elektron pul təşkilatının öz ölkəsində ödəniş xidmətlərinin göstərilməsi üzrə lisenziyası (və ya bu fəaliyyəti həyata keçirmək hüququnu təsdiq edən sənəd) ləğv olunduqda;
– xarici ödəniş təşkilatına və ya xarici elektron pul təşkilatına yerləşdiyi ölkənin tənzimlənmə və nəzarət orqanı tərəfindən lazımınca nəzarətin təmin edilməməsi səbəbindən Mərkəzi Bank xarici ödəniş təşkilatının və ya xarici elektron pul təşkilatının yerli filialına nəzarəti həyata keçirə bilmədikdə.
Lisenziyanın ləğv edilməsi haqqında Mərkəzi Bankın qərarından məhkəməyə şikayət verilə bilər. Şikayətin verilməsi Mərkəzi Bankın qərarının icrasını dayandırmır.