1798-ci ildə İngiltərənin Suffolk qraflığında yerləşən Ekton adlı əyalətdə o dövr üçün İngiltərənin ən zəngin şəxsi hesab edilən William Jennens dünyasını dəyişir. Jennens-in sərvəti o zaman 2 000 000 funt sterlinq olaraq qiymətləndirilirdi. 18-ci əsrin sonu üçün bu nəhəng kapital idi. Milyoner dünyasını dəyişdikdə onun artıq 97 yaşı var idi. Lakin buna baxmayaraq onun birbaşa varisi yox idi. Çünki o ömrü boyu ailə həyatı qurmamışdı və heç bir övlada sahib deyildi.
Jennens uğurlu investor idi. Yüksək faizlə sələmə pul verir və qarşılığında yaxşı sərvət toplayır. O xüsusən pullarını qumarda uduzan insanlara sələmə pul verməyi sevirdi. Beləliklə, Jennens dünyasını dəyişdikdə onu yerli ailə qəbirstanlığında valideynlərinin yanında dəfn edirlər. Bundan sonra sərvət uğrunda uzun illik çəkişmələr başlayır. Milyoner miras məktubu tərtib etməmişdi və məhkəmə sərvəti milyonerin gənc qardaşı oğluna verməyi qərara alır. Lakin gənc sərvətə sahib olmadan dünyasını dəyişir.
Daha sonradan sərvəti qohumlar arasında bölməyə qərar versələr də, tezliklə peyda olan qohumların sayı artır və onların hər biri sərvətin məhz ona məxsus olmalı olduğunu iddia etməyə başlayır. Belə məlum olur ki, sərvəti asanlıqla qohumlar arasında bölmək mümkün olmayacaq. Məhkəmə çəkişmələri 117 ildən sonra, yəni 1915-ci ildə başa çatır. Təbii olaraq, bu dövrdə mirasa namizədlik edənlərin heç biri Jennensi real həyatda görməyən şəxslər idi. Məhkəmə prosesi isə özünəməxsus şəkildə başa çatır. Heç kəsə sərvətdən pay qismət olmur. Çünki sərvətin hamısı bu illər ərzində vəkillərə və məhkəmə proseslərinə xərclənmişdi. Bu qeyri-adi miras davası ingilis yazıçı Çarlz Dikkensi 1850-ci ildə nəşr edilmiş “Soyuq ev” romanını yazmağa sövq etmişdi. Yazıçı miras davasının nə ilə yükunlandığını bilmədən dünyasını dəyişmişdi.







