İtaliya 4 il əvvəl Çinlə imzaladığı “bir kəmər, bir yol” ( Belt and Road Initiative) investisiya sazişindən çıxmaq barədə qərar verib. Roma 2023-cü ilin sonunda başa çatacaq müvafiq anlaşma memorandumunu yeniləməyəcək. Roma ilə Pekin arasında İtaliyanın “bir kəmər, bir yol” təşəbbüsünə qoşulması memorandumu 2019-cu ilin martında imzalanmışdı. İtaliya Çin investisiya proqramının layihələrində iştirak etməyə hazır olduğunu da təsdiqləmişdi. İtaliya bu proqramı təsdiqləyən Avropa İttifaqının ilk ölkəsi idi.
Romanın 4 il əvvəlki qərarı Brüsselin və Vaşinqtonun narazılığına səbəb olmuşdu. ABŞ və Avropa İttifaqı İtaliyaya tələsik addımın nəticələri ilə bağlı xəbərdarlıq etmişdilər.
“İtaliya hökuməti 4 il sonra xəbərdarlığı nəzərə aldı”- deyə, bunu Atlas araşdırmaları mərkəzi bildirir.
İtaliyanın Çinin layihəsindən çıxmasının səbəbi nədir?
İtaliyanın xanım baş naziri Corca Meloni sağ mühafizəkar siyasi cərəyanın təmsilçisi kimi ABŞ-la ittifaqın tərəfdarıdır. İtaliyanın “La Repubblica” nəşrində yayımlanan məqalədə bu məsələ ilə bağlı baş nazir Corca Meloninin ABŞ prezidenti Cozef Baydenlə geniş müzakirəsi olub. Atlas araşdırmaları mərkəzi deyir ki, İtaliyanın Çin layihəsindən çıxmasının təşəbbüskarı Vaşinqton olub. “Ancaq Vaşinqton İtaliyanın Çinin layihəsindən çıxmasının əvəzinə alternativ layihələr təklif etməlidir ki, İtaliyanın iqtisadi itkiləri olmasın”.
İtaliyanın “bir kəmər, bir yol” layihəsindən imtinası Çinin iqtisadi və təhlükəsizlik maraqlarına zərbə vurur. Çin bu layihə çərçivəsində yeni tikilən dəmiryolları, avtomobil yolları və limanlar vasitəsilə Avropa ölkələrinə daşınan məhsulların həcmini artırmağı planlaşdırırdı. Çin mövcud layihə vasitəsilə müxtəlif bölgələrdə “yumşaq gücünü” də artırmış olurdu. Çin müxtəlif ölkələrdən keçən nəqliyyat şəbəkələrinin qurulması layihələrinə 1.4 trilyon dollar xərcləməyi nəzərdə tuturdu. Layihə ümumi əhalisi 4 milyard 400 milyon nəfər olan 64 ölkəni əhatə etməli idi. Bu dünya iqtisadiyyatının 40 faizi deməkdir. Çinin nəzərdə tutduğu vəsait ABŞ-ın İkinci Dünya müharibəsindən sonra Avropa ölkələrinin yenidən bərpası üçün həyata keçirdiyi “Marşal planı”ndan 12 dəfə çoxdur.
Çin eyni zamanda layihənin son məntəqəsi olan Avropa ölkələrində, o cümlədən İtaliyada müxtəlif layihələri maliyyələşdirməyi, o cümlədən strateji limanlarda pay sahibi olmağı planlaşdırırdı. Ancaq Çin öz planını reallaşdırmaq istəyərkən qarşısında iki əngəllə üzləşib. ABŞ və Avropa İttifaqı Çinlə ticarət əlaqələrini davam etdirsələr də, “bir kəmər, bir yol” layihəsinin reallaşmasının əleyhinədirlər. Vaşinqton və Brüssel hesab edirlər ki, Pekin bu layihə vasitəsilə Avrasiya və Avropa qitəsində möhkəmlənməyə çalışır.
Mərkəzin rəhəbri Elxan Şahinoğlu bildirir ki, Vaşinqton və Brüsselin əngəlləri Çinin Mərkəzi Asiya və Cənubi Qafqaz bölgəsini ehtiva edən “Böyük İpək yolu” layihəsinə də təhlükə yarada bilər.
“Çünki bu layihə “bir kəmər, bir yol” layihəsinin tərkib hissədidir. Layihənin bir hissəsinə əngəl yaranacaqsa, digər hissəsi ilə daşınmaların artması da sual altında olacaq”- deyə, siyasi şərhçi bildirir.