12 C
Baku
Saturday, November 23, 2024

Bir sıra ölkələrdən idxala müvəqqəti məhdudiyyət qoyuldu

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Fələstin Dövlətinin Tubas əyalətində dabaq, Polşa Respublikasının Varminsk-Mazursk inzibati ərazisində, Fransa Respublikasının Oksitaniya regionunda və İsveç Krallığının Skane inzibati ərazi vahidində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Banker.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Fələstin Dövlətinin Tubas əyalətindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın  idxalına, həmçinin tranzit daşınmasına, o cümlədən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Polşa Respublikasının Varminsk-Mazursk inzibati ərazisindən, Fransa Respublikasının Oksitaniya regionundan və İsveç Krallığının Skane inzibati ərazi vahidindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən və emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan Respublikasından tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Fələstin Dövlətindən, Polşa Respublikasından, Fransa Respublikasından və İsveç Krallığından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Son xəbərlər
Digər xəbərlər