Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
AQTA-dan verilən məlumaat görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, İtaliya, Bolqarıstan, Polşa, İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya ölkələrinin bir sıra inzibati ərazi vahidlərində qeydə alınmış yüksək və aşağı patogen quş qripi xəstəliyi aradan qaldırılıb. OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, yüksək və aşağı patogen quş qripi xəstəliyinin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və vilayətlərin epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar olaraq AQTA tərəfindən İtaliya, Bolqarıstan, Polşa, İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya ölkələrinin məhdudiyyət tətbiq edilən inzibati ərazi vahidlərindən Azərbaycan Respublikasına bütün növ diri quş, quş əti, quşçuluq məhsullarının və damazlıq yumurtanın idxalına tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinə məlumat verilib.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tövsiyə edir ki, yüksək patogen quş qripi xəstəliyinin baş verməməsi üçün quşçuluq məhsullarının və quşların beynəlxalq ticarətinin aparılmasında ölkələrin epizootik vəziyyəti nəzərə alınmalı, quşçuluq təyinatlı istehsal müəssisələrində və bu müəssisələrin daxil olduğu ərazilərdə daimi müşahidələr aparılmalı və baytarlıq-sanitariya tələblərinə əməl edilməlidir.