16 C
Baku
Saturday, November 2, 2024

Birinci devalvasiyadan 3 il ötür…

Düz 3 il bundan əvvəl , 21.02.2015-ci ildə Azərbaycanın maliyyə sektoruna öz fəsadları ilə uzun müddət təsir edəcək bir hadisə baş verdi. Bu  tarixə qədər bəlkə də yalnız iqtisadçılar tərəfindən bilinən bir termin artıq hər kəsin dilində səslənməyə başladı . “Devalvasiya” – ölkədə peşəsindən asılı olmayaraq hər kəsin yaddaşına həkk olunan bu termin hansı iqtisadi hadisəni ifadə edir?

“Devalvasiya” – ölkənin milli pul vahidinin digər xarici valyutalar qarşısında dəyərdən düşməsidir. Bizim ölkənin timsalında sadə dillə izahını versək, devalvasiya manatın xarici valyutalara (dollara nisbətdə) ucuzlaşmasıdır. Bəs niyə sırf dollara qarşı olan ucuzlaşma bu qədər qabardıldı? Çünki, ölkəmizin ixrac potensialının çox böyük hissəsi neft və neft məhsullarının payında düşür. Bu məhsullar isə dünya bazarında dollar ilə alınıb – satılır. Nəticədə ölkənin  əsasvalyuta ehtiyatları dollarda saxlanılır. Bu səbəbdən Azərbaycanda əksər insanlar devalvasiyanı “dolların bahalaşması” kimi qiymətləndirir. Əslində isə bu hadisə manatın dollara , həmçinin dollara nisbətdə digər valyutalara qarşı dəyərdən düşməsidir. Qeyd edək ki, ilk devalvasiyadan sonra manat dollar qarşısında 34% dəyərdən düşdü və valyuta kursu “1 USD = 0.78 AZN” –dən “1 USD = 1.05 AZN”-ə dəyişdi.

Birinci devalvasiyadan 10 ay sonra , yəni 21.12.2015-ci ildə manat təzyiqlərə tab gətirməyərək ikinci dəfə ucuzlaşdırılmağa məruz qaldı. Bu dəfə ucuzlaşma əmsalı daha böyük – 47% idi. Yeni kurs “1 USD = 1.55 AZN” şəklində təyin edildi və Azərbaycan Respublikası Mərkəzi Bankı “üzən məzənnə” sisteminə keçidlə bağlı qərarını ictimaiyyətə bildirdi. Sonrakı dövrlərdə USD/AZN məzənnəsi dəfələrlə yuxarı-aşağı hərəkət etdi, hətta bəzi hallarda  1 USD 1.9 – 2 AZN həddinə gəlib çatdı. Hal-hazırda isə , uzun müddətdir ki bu kurs sabitləşib və “1 USD = 1.70 AZN” civarında müəyyən olunub.

Bəs bu devalasiyalara səbəb nə idi?  – Səbəb ölkənin ixracatının böyük hissəsinin neft və neft məhsullarının payına düşməsi, neftin dünya bazarlarında kəskin ucuzlaşması (120 USD-dən 25 USD yə qədər) və bu ucuzlaşma fonunda ölkəyə daxil olan xarici valyuta kütləsinin kəskin azalması idi. Dolayısı ilə sadalanan bu proseslər Mərkəzi Bankın  valyuta ehtiyatlarının sürətlə əriməsinə gətirib çıxardı və Mərkəzi Bank bu addımı atmağa məcbur oldu.

Devlvasiyalardan ən çox zərər görən görən sektorların başında  bank sektoru gəlir. Devalvasiyaya qədər olan mövcud məzənnənin (0.78)  uzun müddət sabit qalması səbəbindən banklar valyuta və kredit risklərinin hesablanması və proqnozlaşdırılması zamanı bu amili demək olar ki nəzərə almırdılar. Bəzi banklar xarici ölkələrdən dollarla daha aşağı faizlə cəlb etdiyi vəsaiti cəlb edilən valyuta ilə, bəziləri isə bu vəsait əsasında manatla  kreditləşməni  həyata keçirirdi. Hər iki mövqenin iştirakçıları böyük zərərlə üzləşdilər. Belə ki, dollarla kredit ayıran banklar kredit ödənişlərinin məbləğinin artması fonunda kreditlərin qaytarılması ilə bağlı ciddi probləmlərlə üzləşdilər. Kredit portfelinin keyfiyyəti kəskin aşağı düşdü və məcburi ehtiyatların ayrılması banklarda kapital çatışmazlığına gətirib çıxardı. Dollarda cəlb edilmiş vəsait hesabına manatla kredit ayıranlar Banklar isə valyuta mövqeyinin kəskin pisləşməsi səbəbindən ciddi zərərlə üzləşdilər. Digər problemlərdən biri də, depozitlərlə bağlı idi. Əvvəldə qeyd etdiyimiz kimi, valyuta risklərini nəzərə almayan banklar manat və dollar depozitlərini demək olar ki eyni faizlə cəlb edirdilər. Bu amil vaxtilə yüksək faizlə cəlb edilmiş dollar əmanətlərinin faizlərinin ödənilməsində Bankları çətinliklə üzləşdirdi. Devalvasiyalardan sonra əhali milli valyutaya inamsızlığı səbəbindən manatda saxladığı əmanətləri banklardan geri çəkməyə, ən yaxşı halda isə dollara konvertasiya etməyə başladı. “Dollarizasiya” adlanan bu proses də öz növbəsində bankların maliyyə durumuna öz mənfi təsirini göstərdi. Təsadüfi deyil ki, devlvasiyadan öncə sayı 40-dan çox olan özəl banklar azalaraq 30-a qədər endi. Bu 30 bankın 28-i yerli banklar və ya törəmə banklardır. Fəaliyyət göstərən 2 bank isə xarici bankların yerli filiallarıdır.

Qəbul etməliyik ki, Banklar iqtisadi sistemin “qan damar sistemi”dir və hər bir ölkənin iqtisadiyyatının inkşafında bankların əvəzsiz rolu vardır. Düşünürük ki, devalvasiyaların təsirindən yaranan krizisin mənfi fəsadları ilə mübarizə edən və hal-hazırda öz fəaliyyətini davam etdirən bankları sağlam hesab etmək olar. Dövlət tərəfindən də bankların sağlamlaşdırılması prosesi dəstəklənir və bu istiqamətdə hər cür dəstək əsirgənmir. Sırf bu dəstəklərin nəticəsidir ki, son dövrlərdə bank sektorunun dirçəlməsini nisbətən də olsa müşahidə edə bilirik. Banklar həm istehlak həm də biznes kreditləşmələrini bərpa edirlər. Lakin artıq vu vaxtilə olduğu kimi kor-koranə deyil, bütün risklər nəzərə alınmaqla aparılan bir kreditləşmədir. Həmçinin əhalinin də banklara olan inamı bərpa edilib və onlar yenidən öz vəsaitlərini banklara əmanət şəklində yerləşdirməyə başlayıblar. Bank sektorunda olan bütün bu müsbət tendensiyalar banker.az komandası olaraq bizi sevindirir. Banklara fəaliyyətlərində uğurlar arzu edirik və informasiya mübadiləsi baxımından əlimizdən gələn dəstəyi onlara göstərəcəyimizi bildiririk.

Son xəbərlər
Digər xəbərlər