Birinci devalvasiyadan bu tərəfə ilk: bu göstəricidə manat dolları üstələyir

Ölkədə de-dollarizasiya artır

Azərbaycanda de-dollarizasiya artıq tarixi minimum yaşamağa doğru gedir. Ölkədə fiziki şəxslərin depozitləri həcmi 8 635.2 milyon (8.63 mlrd.) manata yüksəlib. Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu isə son bir ayda 282.3 milyon manat, 3.3% artım dinamikasıdır. Depozitlərin 4 741.6 milyon manatı milli və 3 893.5 milyon manatı isə xarici valyutada olan depozitlər təşkil etmişdir. Son bir ay ərzində Azərbaycanda milli valyutanın həcmi 456.4 milyon (10.7%) artdığı halda, xarici valyutada isə 174.2 milyon manat ekvivalentində (4.3%) azalma yaşamışdır.

Beləliklə, milli valyutada olan depozitlərin cəmdə payı bir qədər də artmaqla artıq 55%-ə qədər artmışdır.

Hazırda fiziki şəxslərin depozitlərində valyuta paylarının bu qədər fərqlə tez bir zamanda dəyişməsinə səbəb neftin qiymətini, bankların “dollar məhdudiyyətlərini” və artıq 100 min manata qədər hissəsnin sığortalanmasının təsirli olmasını göstərmək olar.

Artıq neftin qiyməti pre-pandemiyadakından daha baha satılır. Azərbaycan ixracının 90%-dən çoxunu formalaşdıran xam neftin qiyməti artıq fevralın ilk dekadasından bu tərəfə 60 dollar/barel üzərində ticarət olunmaqdadır. Bu isə manata olan inamı yüksəltmək üçün əsas səbəb olaraq qalmaqdadır. Məsələn, AMB-nin 10 iyun tarixindəki valyuta hərracında xarici valyuta alışının kəskin azalması ilə bağlı şərhdə də səbəb kimi neftin qiymətinin bərpasını əsas götürmüşdü.

Digər tərəfdən isə ölkədə hələ də banklar milli valyutada olan depoziti dollara çevirməkdən imtina edirlər. Xarici  valyutada olan depozitlər üçün çox aşağı faizli illik ödəniş təklif edirlər. Məsələn, milii valyutada 12%-ə qədər illik ödəniş təklif edildiyi vaxta ABŞ dollarında maksimum 2.5%, avro da isə 0.5-1% ilə əmanət qəbulu həyata keçirilməkdədir.

Azərbaycanda fəaliyyətdə olan banklarda əmanət sahiblərinin 99.8%-nin depozitləri 100 min manata qədərdir (bununla bağlı ADIF açıqlama vermişdi bir zaman). Bu səbəbdən 5 aprel 2021-ci il tarixindən “Əmanətlərin sığortalanması haqqında” qanununa dəyişiklik edilərək fiziki şəxslərin qorunan əmanətləri üzrə (illik faiz dərəcəsi milli valyutada 12%, xarici valyutada 2.5%) kompensasiya məbləğinin həcmi 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) qaldırılıb. Yəni fiziki şəxslərin artıq əmanətlərin 100 min manata qədər olan hissəsi qorunur.

2015-ci ilin fevralında baş vermiş devalvasiyadan sonra ilk yaşanan hadisədir ki, milli valyutanın payı xarici valyutanı üstələyir. Qeyd edilən ilin yanvarında milli valyutada olan depozitlərin payı 60.05%, xarici valyutada isə 39.95% idi. Həmin ilin fevralında məlum (birinci) devalvasiya baş verdi və nəticədə milli valyutanın payı 37.66%-ə, xarici valyutada isə 62.34% təşkil etmişdi.

2015-ci ildə isə xarici valyutanın payı maksimum yeniləməklə 85.01%-ə yüksəlmişdi. 2017-ci ilin sentyabrından sonra isə dedollarizasiya davam etməkdədir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.