Ümumtəhsil məktəblərinin birinci siniflərinə qəbul sistemi təkmilləşdirilib.
Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov “Təhsil masası”nda qonaq olarkən deyib.
O bildirib ki, artıq vətəndaş sistemdə qeydiyyatdan keçdiyi zaman onun məktəbyaşlı övladının məlumatları birbaşa olaraq sistemdə görünür:
“Əvvəlki illərdə vətəndaş qeydiyyatdan keçdiyi zaman övladlarının məlumatlarını bir-bir sistemə əlavə edirdi. Artıq digər qurumlarla əməkdaşlıq çərçivəsində bu məlumatlar sistemə avtomatik olaraq inteqrasiya edilir”.