Xəbər verdiyimiz kimi, 10 gün əvvəl Azərbaycanın Birinci vitse-prezidentinə yeni köməkçi təyin edilib.
Yeniavaz.com xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunan Andrey Sipilinin kimliyi sosial şəbəkələrdə geniş müzakirə olundu.
Daha əvvəl “PAŞA İnşaat” MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində çalışan Andrey Sipilin və ailəsi barədə mətbuatda ətraflı məlumatın olmaması sosial şəbəkələrdə müxtəlif müzakirələrə səbəb oldu.
Banker.az xəbər verir ki, Yeniavaz.com-un məlumatına görə Birinci vitse-prezidentinə yeni köməkçi Andrey Sipilin Azərbaycanın tanınmış hüquqşünaslarından olan, Ali Məhkəmənin hakimi Tatyana Qoldmanınyeganə oğludur. Milliyətçə yəhudi olan Tatyana Aleksandrovna Qoldman 1954-cü ildə Bakı şəhərində anadan olub.
Tatyana Qoldmanın əsli Ukraynaya gedib çıxır. Atasının vəkil babası Rusiya imperiyasında Sankt-Peterburq Universitetində təhsil almış 5 yəhudidən biri olub. Tatyana xanımın ata tərəfdən ailəsinin soyadı Qusman olub. Ata tərəfi əvvəlcə İspaniyadan qovulub, daha sonra isə XX əsrin əvvəllərində Ukraynadan Bakıya köçüb. Ana tərəfi isə Ukraynadan Bakıya XIX əsrdə gəlib.
Tatyana Qoldmanın atası, Andrey Sipilinin babası məşhur memar olub. Onun Bakıda tikdiyi bir çox bina hələ də qalmaqdadır.
Tatyana Qoldman bir-neçə il əvvəl İsrail mətbuatına verdiyi müsahibədə bildirib ki, o, Rusiyadan olan qeyri-yəhudi ilə evlənib. Müsahibəsində deyib ki, onun üçün doğma vətən Azərbaycandır. O deyib ki, mənim ürəyim və köküm Bakıya bağlıdır.
Andrey Sipilin haqqında danışan Tatyana Qoldman deyib ki, oğlu azərbaycanlı müsəlman qadınla evlənib: “Gəlinim, nəvəm müsəlmandır. Onlar evləndiklərinə görə xoşbəxtdirlər. Buna görə mən də xoşbəxtəm”.