12 C
Baku
Saturday, November 23, 2024

Birjalardakı hərəkətlənmə: FED üçün yeni dilemma

Hal-hazırda dünya maliyyə bazarlarında ən çox müzakirə edilən mövzu 10 Oktyabr 2018-ci il tarixində səhm bazarlarında qeydə alınmış düşüşdür. Belə ki, bir neçə saat ərzində investorlar milyardlarla pul itkisinə məruz qaldılar və bu trend təkcə ABŞ bazarını deyil, Avropa və Asiya bazarlarını da silkələdi. Bazarlarda itki Tramp administrasiyası dövründə ən böyük düşüş kimi tarixə düşdü və bir az da siyasi hal aldı. Belə ki, birjalardakı sərt düşüş qərb mediası tərəfindən “korreksiya”, digər medialar tərəfindən isə “çöküş” kimi qələmə verildi. Birjalardakı hərəkətİ düzgün başa düşmək üçün bu düşüşün korreksiya, yoxsa çöküş olduğunu, sonra isə bazarda niyə belə hərəkətlənmənin yarandığını izah etmək lazımdır. Sonda FED-in (Federal Ehtiyatlar Bankı) bazarda iştirakını və həm səbəbkar, həm də xilaskar kimi rolunu qiymətləndirmək düzgün olardı.

İqtisadi nəzəriyyəyə görə maliyyə bazarlarında geriləmənin 2 növü ola bilər. Belə ki, bir gün ərzində birja 52 həftəlik ortalama indeksə nisbətən 10%-ə qədər geriləyirsə, bu korreksiya adlanır. Bu geriləmə ilə bazar adətən nəfəs alır və sonra yenidən bahalaşmağa davam edir. Çöküş isə bazarda bir gündə baş verən 10%-dən artıq geriləmə adlanır. Bazarda çöküş iqtisadi cəhətdən çox pis hal kimi səslənsə də, bu sadəcə başlanğıc ola bilər. Çöküşdən sonra bazarlar “bear market” adlanan, daha uzun müddətli depressiv vəziyyətə düşürlər ki, bu da iqtisadiyyatdan milyardların itməsinə gətirib çıxarır. Maraqlı məlumat kimi qeyd edim ki, investorlar bu dövrdə daha ehtiyatlı və təmkinlə daha yuxarı qazanc gətirəcək səhmləri axtardığından, onların hərəkəti sanki ayının öz ovuna hücumuna bənzədirlər və ona görə də “bear market” dövrü adlanır.

10 Oktyabr tarixində birjalardakı itki 5%-dən artıq olmuş, ən böyük itki texnologiya şirkətlərinin səhmlərində qeydə alınmışdır. Bu itki sonrakı günlərdə davam etmədi və birjalar normal vəziyyətinə qayıtdı. Rəqəmlərə və nəzəriyyəyə əsaslansaq, 10 Oktyabrda birjalardakı hərəkətlənmə korreksiya kimi görünür. Ancaq bu hərəkətlənmənin korreksiya yoxsa çöküş olduğunu bu hadisənin gələcək nəticələri təyin edə bilər. Çünki birjanın “bear market” həddinə çatması və ya indiki vəziyyətdə davam etməsi bu hərəkətlənmənin tərifini izah edəcək.

İndi isə hərəkətlənmənin niyə baş verdiyini aydınlaşdırmağa çalışaq. Birinci onu yada salmaq lazımdır ki, iqtisadi nəzəriyyələrə əsasən, borc bazarlarında faiz dərəcəsinin artması, gəlirliyinin artması ilə nəticələnir və səhm bazarı iştirakçıları borc bazarlarına yönəlirlər. Son 3 pul siyasəti komitəsində FED faiz dərəcəsini artırdı və dövlət borc qiymətli kağızlarının gəlirliyi səhm bazarını üstələməyə başladı. Bəs FED faiz dəhlizində artımın səhm bazarına ziyanını bilirsə niyə artım edir? Cavab monetar siyasət ilə bağlıdır. FED-in faiz dəhlizini artırmağına səbəb inflyasiya hədəfini qarşılamaq üçün sürətlə böyüyən iqtisadiyyatdan pul kütləsini yığışdırmaqdır. 10 Oktyabr tarixindən bir neçə gün əvvəl inflyasiya rəqəmləri açıqlandı və bazar FED-in inflyasiya hədəfini qarşılamaq üçün daha da daraldırıcı monetar siyasət tətbiq edəcəyinin siqnallarını aldı. Yəni bazar dekabrda yenidən faiz artımı gözləyir. Bu həyəcanlı xəbər səhmlərin satılması ilə nəticələndi.

İkinci, onu yada salmaq lazımdır ki, 2008-ci ilin maliyyə böhranından sonra FED iqtisadiyyatı stimullaşdırmaq üçün həm faiz dərəcəsini kəskin aşağı saldı, həm də “quantitative easing” (pulun çap edilib, iqtisadiyyata ötürülməsi) proqramı ilə ayda 60 milyard dollardan çox aktiv alırdı. Bu o deməkdir ki, şirkətlər FED-dən ayda 60 milyard dollardan çox vəsaiti ucuz borc vəsaiti kimi alırdı və böyümələri əsasən bu borclanma sayəsində idi. İndi investorlar da başa düşür ki, 10 ildən çoxdur davam edən bu ucuz borc bazarının sonudur və şirkətlərin böyüməsi üçün lazım olan vəsait əvvəlki kimi ucuz və asanlıqla əldə edilməyəcəkdir. Mütəxəssislərin fikrincə bazar o qədər həddindən artıq böyüyüb ki, böyüməni davam etdirmək üçün bizneslər ucuz borc tapmalıdırlar. Yuxarıda qeyd edildiyi kimi, dekabrda faiz dəhlizində növbəti artım gözlənildiyindən və səhm bazarının da gəlirliyinin mütənasib artmayacağına görə bazar vəziyyətə reaksiya göstərdi. Bazarda vəziyyəti gərginləşdirən digər bir məsələ, ABŞ və Çin arasında olan qeyri-müəyyənlikdir. Bazar iştirakçıları Trampın tweetləri əvəzinə, düzgün mövqe və qeyri-müəyyənliyin bitməsi üçün rəsmi addımlar gözləyirlər.

İndiki vəziyyətdə FED üçün dilemma yaradan iki əsas məsələ var. Birinci, FED öz inflyasiya hədəfinə çatmaq üçün sürətlə böyüyən iqtisadiyyatı tarazlamalıdır. Bunun üçün isə, faiz dəhlizində artım şərtdir. Digər tərəfdən, faiz dəhlizində artım, səhm bazarını biraz da depressiv vəziyyətə gətirib çıxaracaqdır. Artım uğurlu monetar siyasət ilə inflyasiyanın tənzimlənməsi ilə nəticələnsə də, yeni maliyyə böhranı ilə nəticələnə bilər. Ancaq birinci dəfə deyil ki, FED belə dilemma ilə qarşı-qarşıyadır. Təcrübə onu göstərir ki, səhm bazarı iştirakçıları ilə üz-üzə gəldikdə, FED gözləntilərin əksinə olaraq, faiz dərəcəsini aşağı sala da bilər. Məsələn, FED-in keçmiş rəhbərlərindən Alan Grinspanın zamanında eyni vəziyyətdə o faiz dəhlizini aşağı saldı və səhm bazarını xilas etdi. Onun bu hərəkəti put opsion kimi qiymətləndirildi və tarixə “Grinspan put” kimi düşdü. Yaxın keçmişdə Ben Bernankenin rəhbərliyi zamanında da FED eyni opsionu istifadə etmişdir.

Sonda ABŞ üçün əsas narahat edici və biraz da bazarda bizim üçün diqqətdən kənar qalan hərəkətlənməni izah etmək lazımdır. Başlanğıcda qeyd edildiyi kimi, səhm bazarından çıxan iştirakçılar, borc bazarlarına yönəlir. Bu o deməkdir ki, borc bazarlarındakı kağızlara tələbat artmalıdır və bu, kağızların qiymətinin artması ilə nəticələnməli idi. Lakin, 10 Oktyabr və sonrakı dövrdə , borc qiymətli kağızlarının gəlirliyik əyrisi yuxarıya doğru hərəkət etdi və bu o deməkdir ki, borc qiymətli kağızlarına tələbat artmadı: yəni, səhmlərini satan əldə etdiyi vəsaiti borc bazarlarına yönəltmir. Pul bazar yerinə, insanların cibində olduqda isə monetar siyasətin effektivliyi aşağı düşür. FED-i və ABŞ iqtisadiyyatını qarşıda çətin qərarlar gözləyir: ya FED rəhbəri keçmiş rəhbərlər kimi səhm bazarı iştirakçılarına put opsion verəcək (faiz dərəcəsini aşağı salmaqla və ya eyni saxlamaqla, səhm bazarını canlandıracaq), ya da inflyasiya hədəfini qarşılamaq üçün və həddindən artıq dəyərlənən bazarı yavaşlatmaq üçün dəmir yumruğunu göstərəcək.

— Müəllif —
Ali Dadashzade, ACCA

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər