“Birkart” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 97 min manat zərərlə başa vurub. 2019-cu ildə isə BOKT-un zərəri 148 min manat təşkil edib. Belə ki, “Birkart” BOKT-un zərəri 34.5% azalıb.
Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ 11 DƏFƏDƏN ÇOX ARTIB
“Birkart” BOKT-un il ərzində gəliri 1 milyon 62 min manat olub. 2019-cu ildə isə BOKT-un gəlirləri 93 min 856 manat təşkil edib ki, bu da illik müqayisədə gəlirlərin 11.3 dəfə artması deməkdir.
BİR İLDƏ 4 DƏFƏ BÖYÜYÜB
Bu il yanvarın 1-nə “Birkart”ın aktivləri 5 milyon 802 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 4 dəfə çoxdur. BOKT-un 2019-cu ildə cəmi aktivləri 1 milyon 472 min manat təşkil edib.
KAPİTALI 14 dəfə artıb
Hesabat dövründə “Birkart”ın cəmi öhdəlikləri 6% azalaraq 1 milyon 59 min manat, balans kapitalı isə 14 dəfə artaraq 4 milyon 742 min manata çatıb.
“Birkart BOKT” MMC-yə 2020-cu ildə 4 milyon 490 min manat sərmayə qoyulmuş və müəssisə tərəfindən 3 milyon 960 min manat kapital qoyuluşu ayrılmışdır.
Xatırladaq ki, “Birkart” 2018-ci ildə yaradılıb. BOKT-un təsisçisi 100% “Kapital Bank” ASC-dir.