11 C
Baku
Tuesday, November 26, 2024

Kapital Bankın təklif etdiyi 1 Kartın üstün və mənfi cəhətləri hansılardır?

Banker.az monitorinq qrupu bugünkü məqaləsində son dövrlərin ən populyar bank məhsullarından biri olan “BirKart” haqqında araşdırma aparıb. “BirKart” ölkənin aparıcı pərakəndə banklarından və ən geniş xidmət şəbəkəsinə malik olan Kapital Bankın kart krediti məhsuludur. Monitorinq qrupumuz bütün məqalələrində olduğu kimi bu məqaləsində də məhsulları təhlil edərkən obyektiv yanaşma sərgiləyir. Aşağıda BirKart haqqında ümumi məlumat, həmçinin məhsulun mənfi və müsbət cəhətlər haqqında məlumat əldə bilərsiniz.

BirKart nədir?

“BirKart” taksit funksiyasına malik kredit kart məhsuludur. Kart vasitəsilə həm nağd, həm nağdsız, həm də taksit əməliyyatlar həyata keçirmək mümkündür.

Taksit – bu Bankın partnyorluq etdiyi ticarət məntəqələrində mal və xidmətlərin dəyərini 18 ayadək faizsiz və komissiyasız ödəməyə imkan verən bir funksiyadır. BirKartın taksit layihəsi üzrə əməkdaşlıq etdiyi ticarət məntəqlərinin sayı kifayət qədərdir. Kartın bu xüsusiyyətinə önəm verən Bank hətta xüsusi günlərdə taksit layihəsi üzrə kampaniyalar da keçirir. Misal üçün yeni il bayramı ərəfəsində bütün taksit əməliyyatlara + 3 taksit Bank tərəfindən hədiyyə edilirdi. Taksit xüsusiyyətlərinə və partnyorların sayına görə “BirKart” bazardakı rəqibləri ilə müqayisədə bir addım irəlidədir.

Nağdsız ödənişlər – kart vasitəsilə ölkə daxilində və xaricində həmçinin online alış-verişlər edə bilərsiniz. Bu zaman istifadə etdiyiniz məbləğ üzrə 40 günədək (növbəti ayın 10-dək) güzəşt müddəti tətbiq edilir. Bu dövr ərzində borc tam bağlanarsa müştəridən heç bir əlavə faiz və ya komissiya alınmır. Lakin ay ərzində istifadə etdiyiniz məbləğin tamamı növbəti ayın 10-dək banka geri ödənməzsə bu halda güzəşt müddəti tətbiq edilmir və müvafiq dövr üzrə də faiz (illik 25%) hesablanaraq ayın 11-i tarixdə borca əlavə olunur. Bir məqamı xüsusilə vurğulamaq istərdik ki, müştəri nağdsız ödənişlər üzrə faiz və komissiya ödəmək istəmirsə bu halda ay ərzində yaranmış borcu tam şəkildə banka geri ödəməlidir.

Nağd əməliyyatlar – BirKartla heç də sərfəli deyil. Nağdlaşdırma əməliyyatları üzrə Bankın ATM-lərində 1.5% (min.2 AZN) komissiya tətbiq edilir. Həmçinin nağd əməliyyatlar üzrə güzəşt müddəti də tətbiq edilmir. Yəni, nağdlaşdırılan vəsaitə növbəti gündən başlayaraq illik 25% dərəcəsi ilə faiz hesablanır.

“BirKart” – ın növləri

“BirKart” müştərilərə 3 növdə təqdim edilir. BirKart (adi), BirKart Cashback və BirKart Miles. Hər 3 kartın müddəti 3 ildir, maksimal limiti isə 10 000 AZN təşkil edir.

BirKart (adi) – illik xidmət haqqı 15 AZN təşkil edir. Kartı əldə etdikdən 90 gün ərzində 3 dəfə minimum 10 AZN-lik əməliyyat olunarsa (nağd istisna) müştəri ilk ilin xidmət haqqından azad edilir. 2-ci və 3-cü illərin xidmət haqqı isə mütləq ödənməlidir.

BirKart Cashback – illik xidmət haqqı 35 AZN təşkil edir. Kartı əldə etdikdən 90 gün ərzində 5 dəfə minimum 20 AZN-lik əməliyyat olunarsa (nağd istisna) müştəri ilk ilin xidmət haqqından azad edilir. 2-ci və 3-cü illərin xidmət haqqı isə mütləq ödənməlidir. Kartın bü növünün əsas üstünlüyü adından da görüldüyü kimi “cash – back” funskiyasının olmasıdır. Bankın partnyorluq etdiyi müəssisələrdə birdəfəlik nağdsız ödənişlərin maksimum 30%-i (partnyordan asılı olaraq) karta geri qayıdır. Partnyor olmayan müəssisələrdə isə “cash – back” faizi 1.5%-dir. Yəni bu kart sahibləri ən pis halda birdəfəlik nağdsız ödənişlərin 1.5%-ni geri alırlar ki, bazarda bu təklifi verən 2-ci kart yoxdur. Taksit, onlayn və nağd əməliyyatlarda isə “cash – back” nəzərdə tutulmayıb.

BirKart Miles – illik xidmət haqqı 35 AZN təşkil edir. Bu kartı həmçinin debet funksiyası ilə AZN/USD/EUR valyutalarında da əldə etmək mümkündür və bu zaman kartın 3 illik qiyməti 80 AZN təşkil edəcək. Kartın əsas üstünlüyü və təyinatı birdəfəlik nağdsız ödənişlər zamanı istifadəçinin MİL-lər qazanmasıdır. Hər 1 AZN ekvivalentində alış-veriş ölkədaxili əməliyyatlar üzrə 1 MİL, ölkəxarici əməliyyatlar üzrə isə 1.5 MİL qazandırır. Yığılmış MİL-lərdən aviabiletlərin alınması məqsədilə istifadə edilə bilər. Mil-lərin aviabiletə dəyişdirilməsi zamanı 65 MİL = 1 AZN kimi hesablanır. Sadə bir hesablama aparsaq şahidi olarıq ki, yığılmış MİL-ləri 200 AZN dəyərində aviabiletə dəyişmək üçün ölkədaxili 13 000 AZN, ölkəxarici isə 8667 AZN həcmində ödəniş etmək lazımdır. BirKart Cashback kartında olduğu kimi bu kartda da taksit, onlayn və nağd əməliyyatlarda MİL hesablanmır (Birbank mobil aplikasiyası vasitəsilə edilən kommunal ödənişlərə isə millər hesablanır).

“BirKart” aylıq ödənişləri necə hesablanır?

Yuxarıda qeyd edildiyi kimi BirKart vasitəsilə 3 növdə əməliyyat aparmaq mümkündür: taksit, nağdsız və nağd. Ödəniş intervalı hər ayın 1-10 aralığındadır. Aylıq ödəniş məbləği aşağıdakı kimi hesablanır:

Taksit – müvafiq alış-verişin hissəli aylıq ödənişi. Misal üçün, Siz bankın X partyorunda dəyəri 300 AZN olan bir məhsulu 12 aylıq taksitlə əldə etmisinizsə bu zaman bu əməliyyat üzrə aylıq ödənişiniz 25 AZN (300 / 12) təşkil edəcək.

Nağd – ay ərzində nağd şəkildə istifadə edilmiş məbləğin 5%-i və hesablanmış faizlər. Misal üçün Siz ayn 5-də ATM-dən 500 AZN məbləğdə nağdlaşma əməliyyatı etmisiniz. Bu zaman borcunuz nağdlaşdırma komissiyası (1.5%) ilə birgə 507.5 AZN təşkil edəcək. Ödəniş etdiyiniz tarixə kimi bu borca illik 25% olmaqla gündəlik əsasda faiz hesablanır. Əgər Siz növbəti ayın 10-u (35 gün sonra) ödəniş edəcəksizsə bu zaman minimal ödəniş məbləği aşağıdakı kimi formalaşır.

  • Əsas borc – 507.5 * 5% = 25.4 AZN
  • Faiz borcu – (507.5 * 25%) / 360 gün * 35 gün = 12.40 AZN
  • Cəmi ödəniş – 25.4 AZN + 12.4 AZN = 37.8 AZN

Nağdsız – Nağdsız əməliyyatlar üzrə istifadə edilmiş məbləğ növbəti ayın 10-dək tam geri ödənilərsə heç bir faiz və komissiya hesablanmır. Lakin məbləğ üzrə tam ödəniş olmazsa ayın 11-dən sonra hesablamalar eynilə nağd əməliyyatlarda olduğu kimi, yəni hesablanmış faizlər və əsas borcun 5%-i olmaqla aparılır.

“BirKart” – ı necə əldə etmək olar?

Rəsmi iş yeri olan şəxslər gəlirləri təsdiq edən sənəd və şəxsiyyət vəsiqəsi ilə BirKart üçün müraciət edə bilərlər. Müştəri üzrə yaş tələbi 18 – 67, son iş yerində staja tələb isə 6 ay-dır. BirKartı həm Kapitalbank əmək haqqı / təqaüd kartı sahibləri, həm də digər Bankdan əmək / haqqı təqaüd alanlar əldə bilər.

Son xəbərlər
Digər xəbərlər