Bitcoin almaq Wall-Street-də ən populyar müqavilədir. Nəyə görə hətta professional treyderlər də kriptovalyutalara maraq nümayiş etdirirlər.
Banker.az xəbər verir ki, Wall-Streetdən olan və nəzarətində 500 milyard dollardan çox vəsait olan 181 portfel meneceri arasında həyata keçirilmiş sorğuya əsasən, sentyabr ayında ən populyar trend haqqında verilən suala ən populyar cavab ilk dəfə olaraq “Bitcoin almaq” olub. Respondentlərin 26%-i bu cavabı verib. İkinci pillədə Nasdaq birjasında “alış-veriş”, üçüncü pillədə isə dollar satmaq qərarlaşıb. Mart ayında ən populyar müqavilə dollar almaq idi.
Əlbəttə, bu o demək deyil ki, hər kəs bütün ümidini Bitcoinə bağlayıb, bu o deməkdir ki, hər kəs digər hər kəsin Bitcoin aldığını düşünür.
Maraqlıdır ki, sentyabr sorğusunda daha bir dəyişiklik qeydə alınıb. Belə ki, investorlar artıq Mərkəzi bankların səhvlərini ən əsas təhlükə hesab etmirlər. İndi ilk pillədə Şimali Koreya var. Respondentlərin fikrincə, yaxın yarım il ərzində ən gözlənilməz hadisə resessiya, fond bazarında köpük isə əksinə, ən gözlənilən hadisədir.
Bitcoin mövzusuna geri dönərək qeyd etmək lazımdır ki, bu daha çox kriptovalyutaya deyil, Mərkəzi bank və hökumətlərin siyasətinə qarşı yatırımdır. Kriptovalyutaların hələ bu qədər populyar olmadığı 5 il əvvəl bir çox treyderlər deyirdi: qızıl alın, bu borc yükünü hələ görünməmiş ölçülərə qədər qaldıran rəhbərlərin axmaqlığına qarşı yatırımdır.
Bir faktı da qeyd edək ki, hazırda Mərkəzi banklar şəxsi rəqəmsal valyutalarının buraxılması üzərində işləyir. Bu vahid kriptovalyuta da ola bilər. Bununla onlar dünya iqtisadiyyatında tamamilə istənilən əməliyyatı idarə edə biləcəklər.