“Bitcoin” Çin Mərkəzi Bankının açıqlamasından sonra kəskin ucuzlaşıb. Bildirildiyi kimi, hazırda kriptovalyutanın dəyəri 39 586.44 dollar təşkil edir. Beləliklə, son 24 saat ərzində qiymət 9.6% azalıb.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Xatırladaq ki, daha əvvəl Çin Mərkəzi Bankı banklara və ödəmə şirkətlərinə kriptovalyutalarla əməliyyatlar aparmağı qadağan etdiyini açıqlayıb.
“Etherium” 7.97% ucuzlaşaraq 3 101.23 dollar səviyyəsinə düşüb. “CoinMarketCap” xidmətinin verdiyi məlumata görə, əsas kriptovalyutaların əksəriyyəti ucuzlaşmağa davam edir.
2021-ci ilin əvvəlində “Bitkoin” sürətlə bahalaşmağa başlayıb. Tarixi maksimum 14 aprel tarixində qeydə alınıb və 64 min dollar təşkil edib. Bundan sonra qiymət aşağı düşüb. May ayında “SpaceX” və “Tesla”nın rəhbəri İlon Mask sahib olduğu kriptovalyutanı satmağa başladığını bildirib və bununla “Bitcoin”in ucuzlaşmasına səbəb olub. Son bir neçə gündə İlon Mask dünyanın ən varlı insanları reytinqində üçüncü sıraya düşüb.









