13 C
Baku
Sunday, November 24, 2024

“Bitcoin” ilin əvvəlindən 45% artıb: bu nə qədər davam edəcək?

“Bitcoin”in dəyərindəki sürətli artım ilin əvvəlində BTC ETF-lərinin istifadəyə verilməsindən sonra başlayıb: ABŞ-də birja fondları institusional və pərakəndə investorları “Bitcoin”ə cəlb edib və bu, kotirovkaların artmasına səbəb olub. “Bitcoin”in böyüməsi davam edəcəkmi, bu nə qədər sürəcək  və investorlar nə etməlidir?

Həddindən artıq tələbat

Çərşənbə günü, fevralın 28-də “Bitcoin” 2021-ci ildən bəri ilk dəfə 60 000 dollar həddini keçdi, 64 000 dollara qalxdı və sonra yenidən 60 000 dollara düşdü. Cümə axşamı günü kotirovkalar yenidən 63 000 dollara yaxınlaşdı. Bu, kriptovalyutanın bütün zamanların ən yüksək həddi olan 69 000 dollara (2021-ci ilin noyabrında) çox yaxındır.

İlin əvvəlindən bəri dünyanın ilk və hələ də əsas kriptovalyutası 45% bahalaşıb. Fevralın 25-dən isə 14%-dən çox artıb. Bundan əvvəl, fevralın 13-də Nyu-York birjasında ilk BTC ETF-nin səhmlərinin ticarəti başlayıb.

2017-ci ildən bəri ABŞ-də kriptovalyuta ilə əlaqəli alətlərin işə salınması cəhdləri olub, lakin Qiymətli Kağızlar Birjası Komissiyası (SEC) “Bitcoin” ticarətində həddən çox spekulyativ əməliyyatların olduğuna inanaraq bu cür müraciətləri rədd edib. Bununla belə, departament kriptovalyuta fondlarının sonradan “Bitcoin” birja fondunun emitentlərindən birinə çevrilən “Grayscale”ə məhkəmədə uduzduqdan sonra ticarətə icazə vermək məcburiyyətində qalıb.

Pərakəndə investorların böyük tələbatı “Bitcoin” qiymətlərini artırıb. SEC haqlı idi, kriptovalyutalara həmişə spekulyativ maraq olub və ETF-nin işə salınmasından sonra o, daha da böyüyüb.

Artım nə qədər davam edəcək

Mütəxəssislər hesab edirlər ki, artım davam edəcək. “Bitcoin” ETF-lərindən sonra efir və digər kriptovalyutalar üçün eyni alət yaradılacaq, bu isə kriptovalyuta bazarını yüksəldəcək.

Kriptovalyuta bazarının kapitallaşması ötən ilin payızından bəri artmaqdadır. Fevralın 29-da o, 3.6% artaraq 2.43 trilyon dollar təşkil edib. Kriptovalyutaların dəyərinin daha da artması üçün stimul BTC-nin “halving”i olacaq. “Halving” – mayninq olunan yeni bitkoinlərin sayının əvvəlcədən proqramlaşdırılmış şəkildə yarıya endirilməsidir.

Qarşıdan gələn “halving” kriptovalyuta bazarının aparıcı aktivini daha da qıt edəcək ki, bu həm “Bitcoin”in özünün, həm də digər kriptovalyutaların kapitallaşmasının artımında rol oynaya bilər.

Bununla belə, “Bitcoin”ə artan maraq qısamüddətli, eniş isə yüksəliş qədər güclü ola bilər. “Bitcoin”in qiymətinə ilk növbədə tələb və təklif, istehsal həcmləri, həmçinin digər kriptovalyutaların rəqabət qabiliyyəti kimi amillər təsir edir. Onun qiyməti heç bir orqan və ya təşkilat tərəfindən tənzimlənmədiyi üçün hansısa proqnoz vermək demək olar ki, mümkün deyil.

İnvestorlar nə etməlidir?

Bu, kriptovalyutalara investisiyaların uzun müddət ərzində cəlbedici investisiya olmasına mane olmur. Yarandığı gündən bəri “Bitcoin”lə bağlı aydın bir tendensiya var, hansı ki kriptovalyuta iqtisadiyyatına daxildir.

“Bitcoin”in 2008-ci ildə istifadəyə verilməsindən bəri dinamikasına nəzər salsaq, əlbəttə ki, kəskin dalğalanmalar görəcəyik, lakin ümumilikdə tendensiya həmişə yüksəlişdədir. Buna görə də, “Bitcoin” və digər kriptovalyutalar qısamüddətli spekulyativ strategiyalar üçün bir vasitə kimi uyğun deyil, lakin uzunmüddətli perspektivdə – beş ildən yeddi ilədək – investisiyalar yaxşı artım göstərə bilər.

Son xəbərlər
Digər xəbərlər