Müasir dövrdə rəqəmsal aktivlərin sürətli inkişafı və paralel olaraq saxta maliyyə sxemlərinin artması ictimaiyyətdə Bitcoin-in tez-tez “maliyyə piramidası” ilə müqayisə olunmasına səbəb olur. Bu araşdırmanın məqsədi, maliyyə baxış bucağından bu iki anlayış arasındakı fundamental fərqləri maksimum aydın şəkildə izah etməkdir.
Maliyyə piramidası nədir?
Maliyyə piramidası (ponzi və ya pyramid scheme) – sürətli zənginlik vəd edən, insların tamah və ümid duyğularını manipulyasiya edən maliyyə illüziyasıdır. Maliyyə piramidası aşağıdakı əsas xüsusiyyətlərə malikdir:
- Əsas gəlir yeni iştirakçıların daxil etdiyi pullardan gəlir və real iqtisadi fəaliyyət yoxdur;
- İştirakçılara yüksək və sabit gəlir (ayda 15-20% qazanc kimi) vədi verilir;
- Vahid mərkəz tərəfindən idarə olunur;
- Gəlir davamlılığı yalnız sistemə yeni insanların qoşulması ilə təmin olunur.
Bitcoin bu xüsusiyyətlərə uyğundurmu?
Xeyir. Bitcoin aşağıdakı səbəblərə görə maliyyə piramidası hesab oluna bilməz:
- Bitcoin – rəqəmsal aktivdir, investisiya aləti və ödəniş vasitəsi kimi istifadə olunur;
- Bitcoin heç bir mərkəzi və ya təşkilat tərəfindən idarə olunmur;
- Sistem heç kəsə “sabit gəlir” vədi vermir;
- Qiyməti bazarda tələb-təklif əsasında dəyişir. Bitcoin-in dəyəri investorların gözləntiləri və qlobal likvidliklə formalaşır;
- Kodları və qaydaları açıqdır, hər kəs tərəfindən izlənilə bilər;
- İnsanlar Bitcoin-i yalnız gəlir məqsədilə yox, həm də inflyasiyadan qorunma, sərhədsiz pul köçürməsi və maliyyə suverenliyi üçün istifadə edir.
Bəs niyə Bitcoin maliyyə piramidası kimi adlandırırlar?
Bəzi insanlar bitcoin-i piramida sxemi adlandırır çünki onlar bu texnologiyanın iqtisadi modelinin mahiyyətini ya tam başa düşmür, ya da emosional, qorxu əsaslı və ya ideoloji motivlərlə yanlış yanaşırlar. Hesab edirəm ki, bu iddiaların əsas səbəblərini aşağıda 3 əsas arqumentlə izah etmək olar:
- Bitcoin-in qiymətində kəskin enişlər nəticəsində investorlar böyük itkilər verə bilər.
Reallıq: Qiymətin volatil olması piramida demək deyil. Bu, bazar iqtisadiyyatının tərkib hissəsidir. Səhmlər də oxşar risk daşıyır lakin bitcoin-də bu volatillik daha yüksək ola bilir.
- Bir çox insan “Bitcoin adı ilə” fəaliyyət göstərən saxta investisiya piramidalarda (məs: BitConnect, USI Tech, PlusToken) pul itirib. Bu proses hələ də davam edir.
Reallıq: Hazırda bir çox fırıldaqçı layihələr öz məqsədlərində kriptovalyutaları, xüsusilə Bitcoin-i alət kimi istifadə ediblər amma bitcoin özü həmin sxemlərdən tamamilə fərqlidir.
- Warren Buffett (Berkshire Hathaway), Jamie Dimon (JPMorgan Chase) kimi bəzi nüfuzlu maliyyəçilər ilk kriptovalyutanı “boş şey” və ya “tulpan maniyası” adlandırıblar.
Reallıq: Bu şəxslər ənənəvi maliyyə sistemindən gəlirlər və mərkəzləşdirilməmiş pulları, yeni nəsil investisiya alətlərini təhdid kimi görə bilərlər. Onların fikirləri subyektivdir və texnologiyanın əleyhinə yönəlib, obyektiv qiymətləndirmə deyil.
Gəlir modeli və kapital axını
Maliyyə piramidası: Yeni daxil olan insanların pulundan əvvəlkilərə “gəlir” kimi pay verilir. Heç bir real fəaliyyət yoxdur. Kapital dövriyyəsi saxtadır – köhnə iştirakçılar yeni pullarla maliyyələşdirilir. Əsas prinsip: “Gəlir vəd et, pul cəlb et, payla, daha çox gətir.” Odur ki, maliyyə piramidalarında “tez girən və tez çıxan qazanar” məsəli daha çox məşhurdur.
Bitcoin: İştirakçılar real bazarda bitcoin alıb-satır. Gəlir yalnız bazar dəyişkənliyindən və uzunmüddətli qiymət artımından asılıdır. Kapital dövriyyəsi realdır. Alıcı və satıcı arasında bazar mexanizmi işləyir. Əsas prinsip: “Tələb-təklifə əsaslanan sərbəst bazar; heç kim heç kimə gəlir vəd etmir.” İştirakçılar sərbəst şəkildə bazar analizlərinə əsasən qərar verirlər (qısamüddətli ticarət, HODL, ETF-lər və s.)
Nəticə
Bitcoin yüksək riskli maliyyə aləti ola bilər lakin bu saxta piramida sistemi demək deyil. Bitcoin funksional, texnologiya əsaslı, mərkəzsiz bir maliyyə infrastrukturu təqdim edir. Maliyyə piramidası isə aldatma mexanizminə əsaslanan, süni gəlir vədi verən, hüquqi və iqtisadi dayanağı olmayan saxta sxemdir. Bitcoin-in şəffaf, qeyri-mərkəzləşdirilmiş və heç kimə gəlir vəd etməyən strukturu, onun maliyyə piramidası olmadığını sübut edir.
Müəllif: Elnur Quliyev
Qeyd: Bu məqalə müstəqil ekspert tərəfindən hazırlanıb. Məqalədə qeyd edilən fikirlər müəllifə məxsusdur və Banker.az saytının rəsmi mövqeyi ilə üst-üstə düşməyə bilər