Bitcoin və digər kriptovalyutalar həftənin ilk ticarət gününə enişlə başlayıb, həftəsonu əsas dəstək səviyyələrinin altına düşərək rəqəmsal aktivlərə olan sentimentin zəiflədiyini göstərib.
Banker.az xəbər verir ki, Bitcoin üzrə texniki indikatorlar mənfi siqnallar verir — və tarix də göstərir ki, qarşıdakı ay üzrə performans cəmi “50/50” ehtimalla müsbət ola bilər.
Bitcoin-in qiyməti son 24 saat ərzində 5% azalaraq 86 500 dollara enib. Ən böyük rəqəmsal aktiv ötən həftə 90 000 dollarlıq əsas səviyyəni bərpa etsə də, bazar günü həmin dəstək səviyyəsini yenidən itirib.
“Bitcoin qısamüddətli azalan trendlə xarakterizə olunan zəif dinamika göstərir. Bu isə investorlar arasında artan pessimizmi əks etdirir və qiymətin daha da enəcəyinə işarə edir”, – “Investtech”in qiymət trendlərinə dair texniki analizində bildirilir. “Kriptovalyuta 84 000 dollar səviyyəsində dəstəyə malikdir”.
Kripto investor sentimentini ölçən kompozit göstərici — “Crypto Fear and Greed Index” (Acıgözlük və Qorxu) — də mənfi siqnallar verib. İndeks 100 baldan 20 bal səviyyəsinə düşərək “ekstremal qorxu” zonasında qərarlaşıb.
Son həftələrdə kriptovalyutalar daha geniş risk sentimentinin zəifləməsi, sonra isə bərpası prosesində ön sırada olub — noyabr boyunca düşsə də, ayın son həftəsində qismən dirçəlmişdi.
Kripto treyderləri üçün önəmli makroiqtisadi amillərdən biri də, səhm bazarı investorlarında olduğu kimi, Federal Ehtiyat Sisteminin dekabr ayında faiz dərəcəsini azaldıb-azaltmayacağı məsələsidir. Belə bir addım kreditləşmə şərtlərini yumşaldaraq likvidliyi artıra bilər.
Həftənin əvvəlində Bitcoin-də baş verən eniş daha geniş risk sentimenti üçün də “ayı siqnalı” ola bilər. Tarixi göstəricilər də göstərir ki, dekabr Bitcoin üçün ən uğurlu ay sayılmır və adətən performans ehtimalı “tam bərabər bölünür”.
“Dow Jones Market Data”ya görə, 2014-cü ildən bəri Bitcoin yalnız halların 54%-də “Qara Cümə” ilə ilin sonu arasındakı dövrdə bahalaşıb. Keçən həftəni 91 000 dolların üzərində bitirdikdən sonra kriptovalyutanın bu həftəyə zəif başlaması mənzərəni daha da ağırlaşdırır.
Bitcoin-dən kənarda, bazar kapitallaşmasına görə ikinci ən böyük kriptovalyuta olan Ether 6% azalaraq 2 850 dollara düşüb. Daha kiçik kriptovalyutalar da geriləyib: XRP 6%, Solana 7%, məşhur mem-coin Dogecoin isə 8% dəyər itirib.






