Bazar kapitallaşmasına görə iki ən populyar kriptovalyuta — “Bitcoin” və “Ethereum” — dəyər itirir. Bu barədə “Binance” platformasının məlumatları göstərir.
Bakı vaxtı ilə saat 16:54-ə olan məlumata görə, “Bitcoin”in məzənnəsi 2,8% azalaraq 88,679 min dollar səviyyəsində olub. “Ethereum”un qiyməti isə 5,87% enərək 2,928 min dollara düşüb.
“CoinMarketCap”in 21 yanvar tarixinə olan məlumatına əsasən, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması 2,99 trilyon dollar təşkil edib. Bunun 1,77 trilyon dolları (59,2%) Bitcoin-in, 353,394 milyard dolları (11,8%) isə Ethereum-un payına düşür.
Son 24 saat ərzində qlobal kriptobirjalarda 177 mindən çox treyderin mövqeləri ümumilikdə 932,66 milyon dollar məbləğində likvidasiya edilib. Likvidasiyaların böyük hissəsi “Ethereum”un payına düşüb. Təxminən 823,37 milyon dollar uzun mövqelərin, 109,29 milyon dollar isə qısa mövqelərin bağlanması ilə bağlı olub.
Son sutka ərzində ən iri likvidasiya əməliyyatı “Bitget” kriptobirjasında BTCUSDT_UMCBL cütü üzrə həyata keçirilib və onun həcmi 13,52 milyon dollar təşkil edib.






