16 C
Baku
Friday, April 26, 2024

Bitkoin nə vaxta kimi ucuzlaşacaq?

Son iki gündə kriptovalyuta bazarı kəskin dəyər itirib. Hər şey “Binance” kriptovalyuta birjasının rəhbəri Çanpen Çjaonun FTT ticarət platformasının likvidlik böhranı ilə əlaqədar olaraq kömək üçün onlara müraciət etməsi barədə dediklərindən sonra başladı.

FTX kriptovalyuta birjasının öz tokeni olan FTT-nin dəyəri bir sutkada 70 %-dən çox azaldı. Tokenin kəskin ucuzlaşması bütün bazarı arxasınca apardı. Dünyanın aparıcı kriptovalyutası olan “Bitkoin” son 5 gündə dəyərinin ¼-dən çoxunu itirib. Bu zaman onun qiyməti müəyyən müddətlik 15.7 min ABŞ dolları həddinə düşüb ki, bu da 2020-ci ilin noyabrından bu yana ən aşağı səviyyədir. Cəmi bir sütka ərzində treyderlər 717 milyon ABŞ dolları itiriblər.

Bu barədə kriptovalyuta üzrə ekspert Enur Quliyev son iki gündə kriptovalyuta bazarında cərəyan edənlərin spekulyativ manipulyasiyaların nəticəsi olduğunu deyib.

“Bəli kəskin ucuzlaşmanı tətikləyən faktor FTX birjası ətrafında baş verənlər proseslər olsa da əsas səbəb “balina” adı verilən kriptovalyuta sahiblərinin manipulyasiyalarıdır. Əllərində cəmlədikləri kriptovalyutanın həcminə görə onlar bazara əhəmiyyətli dərəcədə təsir edə bilirlər. “Balina”lar qara bazarda süni təklif artıqlığı yaratmaqla kriptovalyutaları ucuzlaşdırırlar. Burada məqsəd “böyük əllər”in bazara yeni girənlərin əlində olanları ən aşağı həddə almasıdır. Bu baş verəndən sonra qiymət yenidən artmağa başlayır. Mən “Bitkoin” üçün qiymətin aşağı həddi kimi 14 min ABŞ dollarını görürəm. Aparıcı kriptovalyutanın bundan aşağı düşəcəyini zənn etmirəm”.

Onun sözlərinə görə, kriptovalyuta bazarındakı valotiliyi azaldacaq və onun gələcək inkişafını təmin edəcək əsas faktor iri kapitalın bu sektora gəlişidir:

“Biz hələ ki, iri korporasiyaların və investisiya fondlarının kriptovalyuta bazarında geniş mənada təmsil olunduqlarını müşahidə etmirik. Onları əhəmiyyətli investisiyalardan çəkindirən əsas faktor bu sektorda tənzimlənmənin olmaması və nəzarət mexanizmlərinin yoxluğudur. Bu mənada FTX birjasının kritik durumu tənzimləyici orqanlar tərəfindən nəzarətin gücləndirilməsinə gətirib çıxara bilər. Tənzimlənmə olsa qısa zaman kəsiyində mənfi təsirlər müşahidə olunacaq. Uzunmüddətli perspektivdə isə kriptovalyutaların real sektorda tətbiqini stimullaşdıracaq ki, bu da onların qiymət artımını təmin edəcək”.

Ekspert hesab edir ki, əslində “Bitkoin” dünən və ya srağagün ucuzlaşmağa başlamayıb. Aparıcı kriptovalyuta ilin əvvəlindən bu yana 4 dəfəyə yaxın dəyər itirib. Bu, birbaşa olaraq dünya iqtisadiyyatında cərəyan edən mənfi proseslərin nəticəsidir. Qlobal tədarük zəncirinin pozulması, enerji daşıyıcılarının bahalaşması, iqlim anomaliyası və son olaraq Rusiya-Ukrayna müharibəsi dünya üzrə inflyasiya proseslərinin sürətlənməsinə gətirib çıxardı. Qiymət artımını dayandırmaq üçün mərkəzi banklar uçot dərəcələrini artırmağa başladılar. Dünyanın aparıcı iqtisadiyyatına malik olan ABŞ da bu prossesdən kənar qalmadı. Ölkənin Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) inflyasiyanı cilovlamaq üçün daha sərt pul-kredit siyasətinə əl atdı.

Mart ayından bu yana uçot dərəcəsi sistematik olaraq qaldırılır. Bu, ABŞ-ın dövlət qiymətli kağızlarının cəlbediciliyini əhəmiyyətli dərəcədə artırdığından investorların həmin alətlərə marağı artıb. Bununla da investorların riskli aktivlərdən daha dayanıqlı aktivlərə axını başlayıb. Kriptovalyuta isə riskli aktivlər sırasında ilk yerdə gedir. FED-in məqsədi inflyasiyanı hədəflənən 2 % həddinə salmaqdır. Bu baş verəndən sonra uçot dərəcəsinin hazırkı templə (son 4 dəfədə qurum 0.75 faiz bəndi artıma gedib) daha aşağı gedəcəyi labüddür. Yəni FED-in ritorikasında yumşalma meylləri yaranan kimi kriptovalyuta bazarında yenidən qiymət artmağa başlayacaq”.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər