BitMEX kriptobirjası fəaliyyətini dayandıracağını açıqlayıb. Yeni istifadəçilərin qeydiyyatı artıq dayandırılıb. Şirkətin yaydığı press-relizə əsasən, platforma 23 sentyabr tarixindən etibarən bütün əməliyyatları tamamilə dayandıracaq.
Məlumata görə, BitMEX-in sahibi və operatoru olan HDR Global Trading Limited şirkətinin direktorlar şurası bu qərarı “biznesin və ümumilikdə kriptosənayenin strateji təhlili” əsasında qəbul edib.
26 avqustdan etibarən istifadəçilər yalnız açıq mövqelərini azaltmaq imkanı əldə edəcəklər. Platformanın fəaliyyəti dayandırıldığı gün bütün qalan mövqelər avtomatik bağlanacaq.
BitMEX administrasiyası müştərilərə vəsaitlərini mümkün qədər tez çıxarmağı tövsiyə edib. Aktivlərini vaxtında çıxarmayan istifadəçilər üçün 50 ABŞ dolları və ya hesab qalığının illik 1%-i həcmində komissiya tətbiq olunacaq.
“BitMEX komandası adından platformamızın uzun tarixi ərzində bizimlə olan hər kəsə təşəkkür edirik”, — deyə şirkətin açıqlamasında bildirilir.
BitMEX 2014-cü ildən fəaliyyət göstərir. Platformanın təsisçiləri Artur Heys, Ben Delo və Samuel Riddir. Onlar 2020-ci ildə ABŞ-nin Bank Sirri Aktını pozmaqda ittiham olunduqdan sonra rəhbərlikdən ayrılıblar.
BitMEX bildirir ki, platforma kriptosənayesində ən çox ticarət olunan məhsullardan biri hesab edilən 100 qat kredit çiyni ilə müddətsiz svop (perpetual swap) alətini ilk dəfə təqdim edib.






