15 C
Baku
Friday, March 29, 2024

“Biz dünyanın ən yaxşı işəgötürəninə çevriləcəyik” – Ceff Bezosun CEO olaraq səhmdarlara son məktubu

Dünyanın ən varlı adamı Ceff Bezos səhmdarlara göndərdiyi məktubda yaxın gələcəkdə “Amazon”un dünyanın ən yaxşı işəgötürəninə çevriləcəyini qeyd edib.

Xatırladaq ki, “Amazon” şirkətinin qurucusu 2021-ci ilin üçüncü rübündə baş direktor vəzifəsindən çıxacaq. Və ənənəyə görə, hər aprel ayında Bezos səhmdarlara məktub göndərərək, şirkətin vəziyyəti və planları haqqında danışır.

“Amazon”un əsas göstəriciləri

– Şirkətdə 1.3 milyon insan çalışır, təkcə 2020-ci ildə 500 min nəfər işə götürülüb.

– “Amazon” platformasında 1.9 milyondan çox kiçik və orta sahibkarlıq şirkəti fəaliyyət göstərir ki, bu da pərakəndə satışın təxminən 60%-ni təşkil edir.

– “Amazon Prime” xidmətinin 200 milyon abunəçisi var.

– Dünya üzrə “Amazon Alexa”nın quraşdırıldığı 100 milyondan çox “ağıllı” cihaz işləyir.

– 2020-ci ildə “Amazon”un xalis mənfəəti 21.3 milyard dollar təşkil edib.

– “Amazon”un əməkdaşları 2020-ci ildə 80 milyard dollar qazanıb, imtiyazlar və vergilər 11 milyard dollar olaraq qiymətləndirilib.

“Amazon”un yeni məqsədi  – “Dünyanın ən yaxşı işəgötürəni olmaq” haqqında

Bezos iş şəraiti ilə bağlı təkrarlanan şikayətlərə xüsusi diqqət ayıraraq, məktubda işçilərinə müraciət edib. O, ilk baxışdan “Amazon”un işçilərinə əhəmiyyət vermədiyi və onlarla robot kimi davrandığı təəssüratını yaradan xəbərlərə toxunub. Milyarderin fikrincə, bu belə olmasa da, şirkət işçilərin həyatına töhfəsini yaxşılaşdırmağı hədəfləyir.

Bundan əlavə, Bezos “Amazon”un “işçilərinə hər zaman dərin qayğı göstərdiyini və iş mühiti ilə qürur duyduğunu” qeyd edib.

“Biz həmişə dünyanın ən müştəriyönümlü şirkəti olmaq istəmişik. Və bu hədəfimizdən əl çəkməyəcəyik. Lakin sizə daha çoxunu söyləyə bilərəm: biz dünyanın ən yaxşı işəgötürəni olacağıq. Mən – ixtiraçıyam və bu mənim xoşuma gəlir. Əlimdən gələn ən yaxşı şey ixtiradır. Mənə yer üzündə ən yaxşı işəgötürənə çevrilməyə kömək edən qrupla işləməkdən böyük zövq alıram. Biz heç vaxt təslim olmamışıq və bundan sonra da təslim olmaq niyyətində deyilik”, – deyə Bezos bildirib.

Qeyd edək ki, “Amazon”da işlə əlaqəli travmaların 40%-i əzələ və oynaqların zədələnməsinə aiddir. Adətən işçilər fəaliyyətlərinin ilk altı ayında zədə alırlar. Bu problemi həll etmək üçün təşəbbüslərdən biri də “WorkWell” proqramıdır. Bu proqram işçilərə təhlükəsiz, proaktiv həyat tərzi və fiziki məşqlər öyrədir.

Eyni zamanda “Amazon” fərqli əzələ qruplarının iştirak etdiyi fəaliyyətlər üçün avtomatlaşdırılmış cədvəllər hazırlayır. Bu, təkrarlanan hərəkətlərin sayını azaltmalı və işçiləri zədələnmədən qorumalıdır. Milyarderin sözlərinə görə, yeni texnologiyanın tətbiqinə 2021-ci ilə başlanılacaq.

Ümumilikdə, “Amazon” təhlükəsizlik layihələrinə 300 milyon dollardan çox sərmayə yatırır ki, bunun 66 milyon dolları sənaye maşınlarının toqquşmasının qarşısını alan texnologiyalara yönəldiləcək.

Bezos “Amazon”un saatda minimum əmək haqqı 15 dollar təyin etməklə digər şirkətlər üçün nümunə olduğunu vurğulayıb, çünki bu, bazardakı digər şirkətlərdə orta əmək haqqını 4.7% artırıb.

“Biz lider olduğumuz zaman, başqaları bizim arxamızca hərəkət edirlər. Dünyanın ən yaxşı işəgötürəni olmaq istəyiriksə, işçilərin 94%-nin dostlarına “Amazon”da işləməyi tövsiyə etməsi ilə kifayətlənməməliyik. Biz 100% üçün çalışmalıyıq. Və bunu edəcəyik – yüksək əmək haqqı, müavinətlər və bacarıqları artırmaq imkanı sayəsində. Əgər səhmdarlar dünyanın ən yaxşı işəgötürəninə çevrilmək planımıza görə narahatdırsa, onlara bu şəkildə düşünməyi tövsiyə edirik: eyni vaxtda iki bizneslə məşğul olsaq (onlayn-ticarət və buludlar) və onları yüksək səviyyədə saxlasaq, bunu iki yeni hədəf üçün təkrarlaya bilərik.  Əslində bu hədəflərin bir-birini gücləndirəcəyinə əminəm”, – deyə Bezos əlavə edib.

İstehlak etdiyindən daha çox şey yaratmalısan

Bezos məktubunun fəsillərindən birini “Amazon”un işçilər, müştərilər və səhmdarlar üçün dəyərinin qiymətləndirməsində həsr edib. Onun sözlərinə görə, “əgər biznesin sərf etdiyi resurslar istehsaldan üstündürsə, o tezliklə yox olacaq”.

“Əgər biznesdə uğurlu olmaq istəyirsinizsə (və, ümumiyyətlə, həyatda), istehlak etdiyinizdən daha çox şey yaratmalısınız. Hədəfiniz qarşılıqlı əlaqədə olduğunuz hər kəs üçün dəyər yaratmaq olmalıdır”, – milyarder vurğulayır.

İqlim dəyişikliyi problemi haqqında

Bezos iqlim dəyişikliyinin yerin cazibə qüvvəsi, fotosintez və ya qaynama nöqtəsi qədər real olduğunu yazır. Onun fikrincə, insanların çoxu bu problemi həll etməyin yaxşı olacağını, eyni zamanda bunun baha başa gələcəyini və iqtisadiyyatı, o cümlədən rəqabət qabiliyyətini təhlükəyə atacağını düşünür.

O qeyd edir ki, növbəti onillik bu məsələdə həlledici olacaq, buna görə 2019-cu ildə “Amazon” yeni “Climate Pledge” layihəsinə start verib. 2021-ci ildə onu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 53 şirkət imzalayıb – “Best Buy” və “Verizon”dan tutmuş “Microsoft” və “Mercedes-Benz”ə qədər.

“Amazon” digər şirkətlərə nümunə göstərmək istəyir və “sıfır karbon izi” iqtisadiyyatı yaratmaq üçün layihələrə investisiya yatırır. “İnvestisiya proqramı 2 milyard dollarla başladılıb”, – deyə Bezos bildirib.

Qeyd edək ki, “Amazon”un əsas ətraf mühit problemlərindən biri nəqliyyatdır, buna görə şirkət elektrikli avtomobil istehsalçısı “Rivian”a 1 milyard dollardan çox sərmayə  qoyub və 2030-cu ilə qədər 100 mindən çox kuryer mikroavtobusu sifariş edib.

“Özün olmalısan”

Məktubun sonunda Bezos Riçard Dokinzin “Kor saatsaz”  kitabından sitat gətirdi ki, hər bir “amazonçu”nun səy göstərməli olduğu əsas məqsəd fərdiyyətini qorumaqdır.

Onun sözlərinə görə, “diferensiasiya – sağ qalmaqdır və Kainat sizin adi bir insan olmağınızı istəyir. Və bu təkcə “Amazon”a deyil, həm də dünyadakı bütün insanlara və şirkətlərə aiddir.

“Şəxsi zarafatı olan xoşbəxt bir cütlük tanıyıram. Bəzən ər arvadına xəyal qırıqlığı ilə baxır və deyir: “Sadəcə normal ola bilməzsən?”. Onlar gülürlər, həqiqət isə budur ki, bu insanlar bir-birlərini olduqları kimi sevirlər. Eyni zamanda bir az daha normal olsaydıq, hər şey daha asan olardı və bu qədər səy tələb etməzdi. Bunu hər yerdə görmək olar. Demokratiyalar anormaldır, tiraniya isə tarixi normadır. Şəxsiyyətimizi qorumaq üçün çox çalışmağı dayandırsaydıq, tiraniya ilə tez bir zamanda barışardıq. Biz fərdiliyin çox dəyərli olduğunu bilirik. Hər kəs bizə “olduğun kimi ol” deyir. Lakin sizdən xahiş etdiyim tək şey fərdiliyinizi qorumaq üçün nə qədər güc lazım olduğunu qəbul etməyinizdir.

Unikallığınız üçün istənilən qiyməti ödəməlisiniz, çünki buna dəyər. “Özün ol” ifadəsinin mahiyyəti ondan ibarətdir ki, şəxsiyyətinizin ortaya çıxmasına imkan verən kimi bütün ağrılar keçəcək. Özün olmaq buna dəyər, amma bunun pulsuz və ya asan olacağını gözləməyin. Buna davamlı olaraq enerji sərf etməli olacaqsınız. Dünya həmişə “Amazon”u daha “adi” etməyə – ətraf mühitlə tarazlaşdırmağa çalışacaq. Nə qədər səy sərf etsək də, bunu aşmalıyıq”, – deyə sahibkar fikrini sonlandırıb.

Son xəbərlər
Digər xəbərlər