Müəllif: Fərid Hüseynov, treyder-analitik, Inforex.az
Niyə bəzi treyderlər daim uduzurlar? Çünki beynindəki təlimatlar onları buna vadar edir. Hər halda, bazarı öyrənən psixoloqlar belə iddia edirlər.
Məsələn, bəzi insanların alt şüurunda belə bir məntiqi sxem gizlənib: pul-vaxtdır, vaxt isə məhduddur. Demək, pul da məhdud olmalıdır. Belə düşüncəli insanlar heç vaxt çox pul qazana bilməyəcəklər. Çünki biz həmişə həyat haqqındakı əsas fikirlərimizə uyğun olaraq yaşayırıq. Özümüz bunun fərqində olmasaq belə. Bu fikirlər bizi idarə edir.
Və ya bəzi insanlarda belə təsəvvür olur ki, “Mən yaxşı adamam, pul isə pis şeydir”. Belə adamların da heç vaxt pulu olmayacaq. Bu cür insanlar öncə öz təsəvvürlərini dəyişməlidirlər. Uğurlu treyderlər və ümumiyyətlə, uğurlu insanlar heç vaxt belə düşünmürlər.
Paradiqma – bizim dünyaya baxdığımız qavrayış filtridir. Bu, bizim reallığı qəbul etmə yolumuzdur. Biz reallığı öz paradiqmalarımıza uyğun qavrayırıq. Biz heç vaxt dünyanı birbaşa, olduğu kimi görmürük. Həmişə öz paradiqmalarımızın filtrindən (süzgəcindən) görürük. Bazarı da həmçinin. Biz heç vaxt onu tam görmürük. Həmişə öz paradiqmalar filtrimizdən keçən hissəsini görürük.
İnsanlarda hadisələri olduğu kimi yox, öz beyinlərində təsəvvür etdikləri kimi görmək xüsusiyyəti var. Bu xüsusiyyət bizdə lap erkən dövrlərdən, hələ ana bətnində olarkən formalaşır. Ona görə də biz həyatdakı hadisələri həmişə təhrif olunmuş şəkildə qəbul edirik.
Bazar hamı üçün bir olsa da, ona baxışlar fərqlidir. İki treyder bazarı eyni cür görə bilməz. Hər biri bazarı öz mental və əqli filtrlərindən keçirərək qəbul edir. Amma ən vacibi bazarın özünə olan münasibətdir. Əgər siz bazara çoxlu gəlirin olduğu qazanc yeri kimi baxırsınızsa, bu, belə də olacaq. Yox, əgər pulların itirildiyi mübarizə yeri kimi görürsünüzsə, onda bu baxışlar da doğrulacaq.
Treyderin uğurunun mənbəyi ilk növbədə onun özüdür, sistemi və ya metodu yox.
Uğursuz insanlar düşünürlər ki, həyat – sadəcə, onların başına gələn işlərdir.
Uğurlu insanlar isə əksinə, özlərini hadisə yaradan qüvvə kimi təsəvvür edirlər.
Sizin həyatınızda baş verən hər şey təfəkkürünüzün və həyat haqqında təsəvvürünüzün nəticəsidir. Bəzi insanlar əmindirlər ki, heç vaxt pul qazanmaq işində bəxtləri gətirməyəcək. Belələri doğrudan da, qazana bilmirlər.
İnsan bir paradiqmanın daxilində olanda başqa reallığı qəbul etməkdə çətinlik çəkir. Məsələn, təsəvvür edin ki, siz 1968-ci ildəsiniz və sizdən 1980-ci ildə dünyada hansı ölkənin ən böyük saat istehsalçısı olacağını soruşurlar. Siz, təbii ki, İsveçrənin adını çəkirsiniz. Çünki uzun illər bu ölkə saat istehsalında lider olub. Və siz heç bir halda düşünə bilməzdiniz ki, 80-ci illərdə saat istehsalı üzrə dünya lideri Yaponiya olacaq. Niyə belə olub?.. Çünki paradiqma dəyişir: dünya mexaniki saatlardan elektron saatlara keçib. Bu yeni paradiqmanı ilk qəbul edən isə yaponlar olub.
Hər dəfə paradiqma dəyişəndə hər şey dəyişir. Yanlış paradiqmaların mövcud olduğu şəraitdə hətta düzgün işlər də səhv nəticə verir.
Bizim beynimiz ondan keçən enerji axınlarının təsiri ilə müxtəlif davranış formaları ortaya çıxarır. Beynimizin sol yarımkürəsi xətti, sağ yarımkürəsi isə qeyri-xətti, xaotik məntiqlə işləyir. Sabitlik xətti məntiq, xaos isə qeyri-xətti məntiqlə bağlıdır. Əgər bizim dünyamızı beynin sol yarımkürəsi yaratsaydı, onda biz düz xətli çaylar, kvadrat dənizlər, dairəvi buludlar və konus formalı dağlar görərdik. Amma təbiət başqa qüvvələrdən və məntiqdən istifadə edir. Təbiət qeyri-xətti məntiqlə işləyir. Bazar da, çünki bazar təbiətin bir parçasıdır.
Treyder bazara qarşı çıxmalı deyil, bazarın tərəfini tutmalıdır. Buna görə də bazarı beynin sol yarımkürəsi ilə analiz etməkdən çəkinməlidir. Sol yarımkürə bazarı ona aid olmayan qəliblərə salmaq istəyəcək. Amma siz gərək bazarla mübarizə aparmayasınız. Bazarla eyni tərəfdə durasınız. Bazarın istədiyini istəyəsiniz. Bu, sizə qazanmaq üçün güc verəcək.
Siz ilk növbədə bazara yanaşmada mövcud olan yanlış fikirləri beyninizdən çıxarmalısınız. Sizin fikirləriniz bazarla konflikt mənbəyidir.
Sizin fikriniz olmamalıdır. Çünki fikir olanda sizi daim gərginlikdə saxlayır. Siz əsəbilik keçirirsiniz ki, bazar sizin fikrinizə uyğun hərəkət etmir. Halbuki, bu fikrin özü olmasa, hər şey yaxşı gedəcək.
Amma siz bazarın istədiyini istəyəndə həmişə düzgün və lazımlı tərəfdə olursunuz. Rahatsınız. Siz bazarla mübarizə aparmırsınız, rəqs edirsiniz. Bazar sizə boks rinqi kimi yox, rəqs meydançası kimi gəlir. Siz ticarətdən həzz alırsınız. Ağlınız sakitdir.
Ticarətdə uğur qazanmaq üçün ancaq bir şey lazımdır: lazımi vaxtda lazımi tərəfdə olmaq. Təfəkkürünüz elə qurulmalıdır ki, sizin bununla təmin etsin. Ona görə də, təfəkkür sistemdən vacibdir.
Siz öz “mən”inizi bazara qarşı qoymamalısınız. Başa düşməlisiniz ki, əməliyyatınız – siz deyilsiniz. Və bazarda pul itirməyin sizin şəxsiyyətinizlə heç bir əlaqəsi yoxdur. Ona görə də, ziyanlı əməliyyatı şəxsi məğlubiyyət kimi qəbul etməli deyilsiniz.
Siz ticarətdən həzz almalısınız. Bu, yüngül və asan bir iş olmalıdır. Bunun üçün də öz mənliyinizi ticarətə qoşmayın. Sadəcə, bazarı izləyin, onun istədiyini istəyin, vəssalam.