9 C
Baku
Wednesday, December 25, 2024

Biznes kreditlərində əsas məqamlar hansılardır

Azərbaycanda kiçik sahibkarlıqla məşğul olanların sayı tələbata uyğun olaraq artır. Bu tələbatı ödəmək üçün sahibkarlar ilk növbədə insanların tələbatına uyğun olaraq məhsul və çeşidlərlə bazara daxil olurlar. Bazarda müəyyən qədər yer tutmaq üçün ilk əvvəl malın keyfiyyətinə və qiymətinə fikir vermək lazımdır və təbii ki, əhalinin tələbatına uyğun olan mallar olsun.

Daima rəqabətə tab gətirmək üçün hər zaman mal və çeşidlərdə yeniliklər etməli və qiymətdə müvafiq olaraq rəqiblərinlə ayaqlaşmalısan. Və məhsulu ondan da aşağı qiymətlə bazara çıxarmalısan.

Bunun üçünsə sahibkarlara birinci növbədə maddi vəsait lazımdır. Maddi vəsaitin çatışmamazlığından əksər sahibkarlar rəqabətə tab gətirə bilmir, yeni məhsullar ilə bazara çıxa bilmir və ya mallarının sayı az olduğundan malların maya qiyməti baha başa gəldiyinə görə müvafiq olaraq sahibkar bazarda öz yerini məcburən digər sahibkarlara verir.

Lakin bəzi sahibkarlar isə maddi vəsaiti əldə etmək üçün banka və ya bank olmayan kredit təşkilatlarına üz tuturlar. Bu zaman isə onlara yeni mallar vurmaq üçün təcili pul lazım olduğundan kortəbii olaraq bank və ya BOKT-un təklif etdiyi məbləğ və illik faiz dərəcəsi ilə razılaşaraq, pulu tələsik əldə etməyə çalışırlar. Lakin bunun sonrakı risklərini göz önünə almırlar.

Lakin ağıllı sahibkarlar isə necə deyərlər yüz ölç bir biç məsəlini əldə rəhbər tutaraq, bir neçə bank və BOKT-un təklif etdiyi kreditin məbləği, faizi və şərtləri ilə maraqlanır, sonra öz yekun qərarlarını verirlər.

Sahibkarlar biznes krediti alarkən ilk öncə nəyə fikir verməlidirlər.

1. Bank və ya Bokt ilkin olaraq onlara nə qədər kredit ayırır. Bu ona görə əsas məqamdır ki, bu məbləğ sahibkara öz işini görmək və tamamlamaq üçün kifayət edəcək, yoxsa yox.

2. Hansı müddətə kredit verilir. Əksərən ilk olaraq banklar az məbləği qısa müddətə verir. Sonrakı riskləri fikirləşməyən sahibkarlar isə qısa vaxtla razılaşır, lakin o sahibkar gələcəkdəki risklərini göz önünə almır. Yəni malların gəlməsi, realizə olunması, pulların alınması və bəzən isə malların satılmasında problemlərin olması və planlaşdırlığı kimi satılmaması. Bu kimi halları nəzərə almayaraq tez bir zaman ərzində krediti qaytarmağına əmin olduğunu söyləyir, lakin bu hallar baş verdikdə isə həm əlavə cərimələr ödəməli olur, həm də artıq kredit tarixi korlanmış olur.

3. İllik faiz dərəcəsi və komisyon haqlarını tam dəqiqləşdirmək lazımdır. Bu ona görə əhəmiyyətlidir ki, hər bir əlavə xərc malın maya dəyərinə təsir edir. Belə ki, komisyon xərclərin çox olması və illik faiz dərəcəsinin yüksək olması sizin bazara çıxaracağınız malın qiymətinə bilavasitə təsir edəcək. Nəticə etibarı ilə rəqiblərinizdə daha ucuz qiymət təklifi sizin satışınıza da təsir edəcək. Bu halda isə sizin mənfəətliliyiniz aşağı düşəcək və kredit ödənişlərində problem yaranacaq.

4. Bank və ya BOKT hansı şərtlərlə sizə krediti ayıracaq. Dövriyyə vəsaitlərinin girovu, əsas vəsaitlərin girovu, yoxsa əlavə olaraq daşınar və ya daşınmaz əmlak tələb edəcək.

5. Ən əsas məqamlardan biri də sizə kredit ayrılarkən sizdən adi cari hesab açmasını tələb edəcək, yoxsa sahibkar hesabı. Təbii ki, krediti cari hesaba mədaxil edərək götürmək rahatdır, lakin sizə bank sahibkar hesabı açarsa bu halda son dərəcə diqqətli olmalısınız. Bu zaman siz əlavə sənədləşmə və aylıq olaraq sahibkar hesabına görə ödənişlər etməlisiniz (bu tarif bankın daxili qaydalarına əsasən təyin olunur). lakin sahibkar hesabı açdığınız an son dərəcə diqqətli olmalısınız.

Əgər vergi orqanlarında hesabatlarınız düzgün olmazsa, hər hansı problemlər olarsa, vergi orqanları sizin hesaba müəyyən sanksiyalar və sərəncamlar qoya bilər.

Əgər sizin bu sərəncamdan xəbəriniz olmazsa və kredit ödənişi edən zaman avtomatik olaraq pul sərəncama silinəcək, əgər sərəncamın məbləği tam ödənilərsə onda qalıq hissə kreditdən silinəcək. Əks halda sərəncam kredit ödənişindən artıq olarsa bu halda yenidən mədaxil etdiyiniz halda sərəncamın qalığı silinəcək. Buna görə son dərəcə diqqətli olmalısınız.

6. Siz biznes krediti götürərkən sizə güzəşt müddəti veriləcək yoxsa yox. Bu ona görə əsas məqamdır ki, əgər siz yeni məhsul ilə bazara daxil olarsınızsa onun satışı planlaşdırdığınız kimi olmaya da bilər. Bunun üçün siz 1-3 ay güzəşt müddəti verilsə daha məsləhətli olar. Güzəşt müddəti həmçinin mövsümi xarakterli bizneslər üçün faydalı seçimdir.

7. Krediti vaxtından qabaq bağladıqda əlavə cərimə və ya faizlərin ödənişi olacaq yoxsa yox. Ola bilər sizin satışınız yaxşı olsun və mövcud krediti bağlayaraq daha yüksək məbləğdə maddi vəsaitə ehtiyac duyasınız. Bu an siz əvvəlcədən öyrənməlisiniz ki, krediti vaxtından əvvəl bağladığımız halda əlavə ödənişlər olacaq yoxsa yox. Və krediti vaxtından əvvəl istənilən vaxt bağlamaq imkanınız var, yoxsa yoxdur.

8. Sizə ilk olaraq nə qədər vəsait lazımdırsa o qədər də məbləğ götürün, məsələn siz planlaşdırırsınız ki, sizə yeni məhsulun sifarişi, gətirilməsi və gömrük xərcləri ilə birlikdə cəmi 60 000 AZN lazımdır. Sizin 30 000 AZN vəsaitiniz var və 30 000 AZN əlavə olaraq vəsait gərəkdir. Əgər sizə bank və ya BOKT bir dəfəyə 30 000 AZN verərsə siz bir dəfəyə bunu götürməyin. Çalışın məbləği müəyyən tranşlarla götürün. Yəni ilk olaraq malın sifarişinə təcili nə qədər lazımdı o məbləği götürün. Sonra isə mallarınız gəldikdə gömrük üçün vəsait lazım olduğundan, o zaman növbəti tranşları götürün. Bu onun üçün məsləhətdir ki, siz hansı məbləği götürürsünüzsə, o məbləğ üçün faizlər hesablanmağa başlayır. Lazım olmayan və gələcəkdə planlaşdırdığınız xərclər üçün ayıracağınız pula əvvəlcədən faiz ödəmirsiniz.

Mallarınız gəldiyi an növbəti tranşı götürərək gömrük və digər ödənişlərinizi edirsiniz. Bu halda isə sizin faiz itkiniz minimuma enir və təbii ki, məhsulunuzun maya qiymətində də özünü göstərir.

9. Son olaraq gələcəkdə hansı güzəştlərin sizə olunacağını öyrənin. Bəzən müştərilər yenidən kredit götürərkən onlara daha yüngül şərtlər təklif olunur və hətta komissiya haqlarında müəyyən qədər endirimlər edilir.

Əgər daşınmaz əmlak girov qoymusunuzsa və girovunuz kreditin məbləğindən qat-qat yüksəkdirsə, çalışın başqa banklardan kredit əldə etmək üçün girov müqaviləsində dəyişiklik edin. Sizin girov başqa banklarda da girov qismində çıxış edə bilər, təbii ki ilk girov götürən bankın razılığı ilə.

Biznes krediti götürərkən həmişə çalışın gəlirlərinizi minimuma endirərək hesablayasınız və xərclərinizi maksimum götürün. Bu sizi gələcəkdə gözlənilməz risklərdən sığortalayacaq.

Son xəbərlər
Digər xəbərlər