2025-ci ildə Azərbaycan bank sektorunda biznes kreditləri portfeli artımını davam etdirib. Banker.az xəbər verir ki, Bankların biznes krediti portfelinin ümumi həcmi ilin yekununda 16 milyard 106.4 milyon manata çatıb ki, bu da illik müqayisədə 8.9 faiz artım deməkdir.
Reytinqə əsasən, biznes kreditləri üzrə bazarın lideri ABB olub. Bankın biznes kredit portfeli 3 milyard 545.0 milyon manat təşkil etməklə bir il ərzində 14.0 faiz böyüyüb. İkinci pillədə PAŞA Bank qərarlaşıb. Bankın biznes kredit portfeli 3 milyard 114.4 milyon manat olub, illik artım isə 3.7 faiz səviyyəsində qeydə alınıb.
Üçüncü yerdə Kapital Bank qərarlaşıb. Bankın biznes kredit portfeli 1 milyard 693.2 milyon manat olmaqla, illik müqayisədə 1.6 faiz artıb. Bank Respublika 1 milyard 115.4 milyon manat portfellə dördüncü sırada yer alıb və bankın biznes kreditləri bir ildə 10.1 faiz böyüyüb. İlk beşliyi Xalq Bank tamamlayıb. Bankın biznes kredit portfeli 1 milyard 31.5 milyon manat olub, lakin illik müqayisədə 6.1 faiz azalma qeydə alınıb.
Nəticədə, biznes kreditləri üzrə TOP-5 bankın cəmi portfeli 10 milyard 499.5 milyon manat təşkil edib. Bu isə sektor üzrə ümumi biznes kreditlərinin təxminən 65.2 faizinin ilk beş bankın payına düşdüyünü göstərir.
Reytinqdə növbəti yerlərdə AccessBank, Ziraat Bank Azərbaycan, Yelo Bank və Unibank qərarlaşıb. Xüsusilə Yapı Kredi Bank Azərbaycan (64.3%) və AFB Bank (76.5%) biznes kreditləri üzrə ən yüksək illik artım tempini göstərən banklar arasında olub.







