Müəllif: Sənan Həsənov, BMG İnternational
Bu yazını ORO Mebel Şirkətinin Baş Direktoru Anar Bayramovun Biznes satmaq demək deyil ki?! sual başlıqlı yazısına (Biznes “Satmaq” demək deyil ki?) cavab olaraq, həmçinin orada olan bir sıra məqamlara münasibət olaraq yazmağa çalışacağam.
Biznes satmaq deyil ki? sualına cavab vermək üçün ilk öncə Biznes nədir sualına cavab vermək lazımdır.
Biznes – Qanunla nəzərdə tutulumuş formada mülkiyyətdən və qeyri-maddi imkanlardan istifadə etməklə, əmtəə satışından , xidmət göstərilməsindən gəlir əldə etmək üçün müstəqil fəaliyyətdir. (Mənbə:http://az.wikipedia.org/wiki/Biznes). Bu tərifdə də qeyd olunduğu kimi Biznes fəaliyyəti müəyyən hissələrdən, bloklardan ibarət bir prosesdir. Onun üçün şərti olaraq Biznesi 6 hissəyə bölmək istərdim:
1-ci mərhələ – Qərar!
Bu mərhələ biznes fəaliyyəti ilə məşğul olmaq istəyən hər bir şəxs üçün önəmli bir mərhələdir. Bir çox insanlar bu ilk baryeri aşa bilmirlər və ya aşmaq istəmirlər.
Əslində hər kəs bu baryeri aşa bilsəydi muzdlu işləyən olmazdı hərkəs fərdi sahibkar olardı. Onun üçün ilkin olaraq biznes fəaliyyəti ilə məşğul olub, olmamaq, olaraq riski üzərinə götürmə qərarı verilməlidir. Amma maksimum dərəcədə qərar bir olmalıdır. Yəni hər hansı bir sahədə işləyib, paralel biznes fəaliyyəti ilə məşğul olmaq həm çətindir, həmçinin də effektiv deyil. Gərək mütləq bir sahəyə fokuslanasan çünki, bir əldə iki qarpız tutmaq olmaz.
2-ci mərhələ – Seçim!
Seçim mərhələsində, özü üçün işləyib qazanmağa qərar verən biznesmen bunu hansı sahədə edəcəyini seçir. Bu da birinci mərhələ qədər önəmli bir addımdır. Çünki, Sizin biznesinizin gələcək uğuru və qazanc səviyyəniz bu seçimin doğruluğundan asılıdır. Bu mərhələdə çalışmaq lazımdır ki, daha çox sevdiyiniz, can yandırdığınız, sevərək etdiyiniz və edərkən zövq aldığınız sahədə seçim edəsiniz. Məsələn əgər Siz gözəl şəkil çəkməyi bacarırsınızsa və bundan zövq alırsınızsa bir rəsm dərnəyi açıb orada uşaqlara və gənclərə rəssamlığın sirlərini öyrədib, müxtəlif rəsm əsərləri yaradıb onun sərgisini və satışını təşkil edə bilərsiniz və s.
3-cü mərhələ – Strategiya!
Bu artıq biznesin modellənməsi mərhələsidir. Strategiya mərhələsində gələcək hədəflər onlara çatma yolları, iş prosesləri və prosedurlar işlənib hazırlanır. Bu mərhələdə Siz öz imkanlarınız, resurslarınız və hədəflərinizi qarşılaşdırırsınız və onları bir zaman ipinə yığırsınız. Yəni məsələn resurslarınıza görə müəyyən edirsiniz ki, bizim ilk hədəflərimiz bunlar olacaq, sonra əldə etdiyimiz gəlirlər əsasında işlərimizi genişləndirib bunları həyata keçirəcəyik və s.
4-cü mərhələ – İstehsal!
Bu mərhələdə müəyyən olunmuş strategiyanın icrası üçün ləvazimatlar alınır, təchizat prosesi yerinə yetirilir və məhsul və xidmətlərin istehsalı həyata keçirilir. Bu mərhələdə yüksək keyfiyyətli məhsulların və xidmətlərin istehsalı çox önəmlidir. Çünki şirkətin uzun ömürlülüyü bu prosesin keyfiyyətindən çox asılıdır. Əslində bu mərhələnin nəticələrinin keyfiyyəti 3-cü mərhələnin nə dərəcədə professional bir şəkildə həyata keçirilməsindən asılıdır.
5-ci mərhələ – Satış!
Baxın Anar müəllim Sizin dediyiniz mərhələ 5-ci satış mərhələsidir. Bu mərhələdə istehsal olunmuş məhsul və xidmətlərin istehlakçılara çatdırılması həyata keçirilir. Bu mərhələ biznes prosesində önəmli mərhələlərdəndir. Belə ki, bundan öncəki 4 mərhələ xərc, investisiya tələb edən mərhələlər olsa da, Satış mərhələsi gəlir formalaşdıran mərhələrdəndir. Görünür gəlir yaratdığı üçün, Anar müəllim Biznesin satış olduğunu israrla qeyd edir. Amma mənim fikrimcə satış biznes prosesinin vacib mərhələlərindən biridir. Hətta ən vacib olduğunu belə hesab etmirəm çünki mənim fikrimcə biznes prosesinin ən vacib mərhələsi sonuncu müştəri məmnuniyyəti mərhələsidir.
6-cı mərhələ – Müştəri məmnuniyyəti!
Müştəri məmnuniyyəti biznes prosesin ən vacib mərhələsidir. Hətta biznesin müştəri məmnuniyyətinin təmin olunmasından ibarət olduğunu düşünürəm çünki, əgər bu olmazsa biznes davamlı olmaz. Müştəri məmnun olmağı heç də həmişə yaxşı satış və ya satıcıların olmasından asılı deyil. Çünki elə hal ola bilər ki, yüksək profesionallıq səviyyəsi olan bir satıcı keyfiyyətsiz bir məhsulu müştəriyə satsın amma müştəri bir daha həmin şirkətin məhsulunu almayacağı qənaətinə gələcəkdir. Onun üçün bu mərhələdə uğur qazanmağın yeganə yolu bundan öncəki 5 mərhələnin yüksək səviyyədə, professional bir şəkildə təşkil olunmasından aslıdır.
Nəticə olaraq bildirmək istərdim ki, Anar müəllim – Biznes satmaq demək deyil, Biznes müştəri məmnuniyyətinə nail olmaq üçün, planlı şəkildə atılan addımlar ardıcıllığıdır.