7 C
Baku
Sunday, December 15, 2024

“Biznes üçün vergi dərəcələrinin optimallaşdırılması nəzərdə tutulur”

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi” nə əsasən bir sıra tədbirlər icra edib. İşçi Qrupun rəhbərinin müavini, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanovla Yol Xəritəsində yer alan tədbirlərin icra vəziyyəti ilə bağlı müsahibəni təqdim edirik:

– Nicat müəllim, Dünya Bankı Qrupu yeni “Əlverişli Biznes Mühiti” layihəsinin elan edilməsindən müəyyən müddət keçib. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İşçi Qruplarına rəhbərlik edən qurumlar arasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti də var. Layihə çərçivəsində görülən işlər nə yerdədir?

– Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın xətti ilə ölkəmizdə biznesin funksionallığının təmin edilməsi, biznes mühiti ilə bağlı islahatların sürətləndirilməsi istiqamətində geniş bir fəaliyyət həyata keçirilir. Bu prosesdə mühüm istiqamətlərdən biri vergitutma məsələlərini əhatə edir. Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsi ölkənin biznes və investisiya mühitinin əlverişliliyinin, yerli və xarici investorlar üçün cəlbediciliyinin daha da artırılmasına yönələn, keyfiyyətcə yeni yanaşmalar əsasında qurulan bir dəyərləndirmə prosesidir. Əgər əvvəllər qurum tərəfindən biznes mühitinin dəyərləndirilməsi zamanı diqqət daha çox mikro və kiçik sahibkarlıq subyektlərinə yönəlirdisə, indi ölkədə biznes sahələrinin funksionallığı, bütövlükdə özəl sektorun inkişafına təsir göstərən biznes qaydaları və dövlət xidmətlərinin müqayisəli qiymətləndirilməsi xüsusi önəm daşıyır. Layihə biznes mühitinin əlverişliliyini, 3 mərhələdən ibarət olmaqla, 10 indikator əsasında qiymətləndirir. Bu indikatorlardan biri də vergitutma ilə bağlı məsələlərdir. Qeyd edim ki, hər bir indikator üzrə müvafiq işçi qruplar fəaliyyət göstərir. Bu işçi qruplar tərəfindən konsepsiya komponentləri əsasında müvafiq sahələrin, o cümlədən vergitutma sahəsinin ilkin qiymətləndirilməsi, təhlili və diaqnostikası aparılıb, məhdudiyyətlər və təkmilləşmə imkanları müəyyən edilib, yol xəritələri və diaqnostika matrisaları tərtib edilib.

Hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Vergitutma” indikatoru üzrə tərtib edilmiş Yol Xəritəsi çərçivəsində fəal iş aparılır. İndiyədək həyata keçirilmiş tədbirlər həm qanunvericiliyin, həm də vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində olub. Nümunə kimi qeyd etmək olar ki, layihə çərçivəsində ekoloji dayanıqlılığın dəstəklənməsi ilə bağlı vergi təşviqlərinin verilməsi davam etdirilib və bu məqsədilə Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilib.

Həmçinin, proseslər çərçivəsində Vergi Ombudsmanı aparatının yaradılması ilə bağlı müvafiq layihələr hazırlanıb. Yol Xəritəsinin icra vəziyyəti ilə bağlı məsələlər mütəmadi olaraq digər qurumlarla müştərək formada müzakirə edilir və birgə işlər həyata keçirilir. Ötən müddət ərzində Elektron Məhkəmə, lotereya təşkilatçıları və Dövlət Miqrasiya Xidməti ilə müvafiq inteqrasiya işləri aparılaraq yekunlaşdırlıb.

– “Vergitutma” indikatoru üzrə Yol Xəritəsində vergi sistemlərinin səmərəliliyinin qiymətləndirilməsi 3 əsas alt indikator üzrə aparılır. Bu indikatorlar çərçivəsində hansı tədbirlər həyata keçirilib?

– Vergi sistemlərinin səmərəliliyinin qiymətləndirilməsi 9 komponenti əhatə edən 3 əsas alt indikator üzrə aparılır. Bunlar vergi qaydalarının keyfiyyəti, vergi administrasiyası tərəfindən təmin edilən xidmətlər və vergi yükü və vergi sistemlərinin səmərəliliyi altindikatorlarıdır. Hər indikator üzrə ötən dövr ərzində müəyyən işlər həyata keçirilib.

Vergi qaydalarının keyfiyyəti alt indikatoru üzrə Dövlət Vergi Xidmətində “Biznes mühiti ilə bağlı rəy/münasibət (feedback) əldə etməyə imkan verən onlayn sorğuların keçirilməsi” Qaydaları təsdiq edilib. Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində “Ən çox verilən suallar (FAQ)” bölməsi yaradılıb və burada müvafiq məlumatlar yerləşdirilib. Burada vergi ödəyicilərinin fəaliyyəti ilə bağlı mövzular, o cümlədən tədiyyələr, vergi ödəyicilərinin öhdəlikləri və s. barədə suallara dolğun cavablar hazırlanıb və bölmə davamlı olaraq yenilənir. Bu mexanizmlə işgüzar cəmiyyəti, biznesi maraqlandıran məsələlərlə bağlı təkliflərin alınması məqsədilə müvafiq sorğuların keçirilməsi nəzərdə tutulur.

Vergi administrasiyası tərəfindən təmin edilən xidmətlər alt indikatoru üzrə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində “Statistika-Hesabat” bölməsi təkmilləşdirilib, eyni zamanda “Gələcək strategiyalar/planlar” altbölməsi yaradılıb. Burada DVX-nın fəaliyyətinə aid əsas strategiyalar barədə məlumatlar yerləşdirilib. Bununla yanaşı DVX-nın əsas icraçı kimi müəyyən edildiyi tədbirlər üzrə görülmüş işlər barədə qısa məlumatların və ictimaiyyət üçün açıq olan iş planları DVX-nin rəsmi səhifəsində yerləşdirilib.

Vergi yükü və vergi sistemlərinin səmərəliliyi alt indikatoru üzrə biznes üçün vergi dərəcələrinin optimallaşdırılması və vergi qaydalarına əməl etmək üçün tələb olunan müddətin sadələşdirilməsi prosesləri nəzərdə tutulur.

– Nicat müəllim, biznes üçün vergi dərəcələrinin optimallaşdırılması dedikdə konkret olaraq hansı təkliflər müzakirə edilir?

– Məlum olduğu kimi Dünya Bankı Qrupunun bu layihəsi təkcə ayrı-ayrı müəssisələrin fəaliyyətinin həyata keçirilməsinin stabilliyini deyil, həm də özəl sektorun inkişafının inklüziv və davamlı aspektlərini əhatə etməlidir. Bu məqsədlə Yol Xəritəsində nəzərdə tutulmuş istiqamətlərdən biri dövriyyəsi aşağı olan fiziki şəxslərin özlərinə görə ödədiyi sosial sığorta haqlarının məbləğinin optimallaşdırılması ilə bağlı təkliflərin hazırlanmasıdır. Mikro sahibkarlıq subyektləri ilə keçirilmiş çoxsaylı görüşlərdə və onlardan daxil olan təkliflərdə, eləcə də aparılmış təhlillərdə məcburi dövlət sosial sığorta yükünün onların fəaliyyəti zamanı müəyyən maliyyə yükünə səbəb olduğu müəyyən edilib. Bu öhdəliklərin bir növ sadələşdirilməsi üçün müxtəlif alətləri nəzərdən keçirmişik. Proseslər çərçivəsində Komissiya üzvləri ilə geniş müzakirələr aparılıb və müxtəlif xarici ölkələrin təcrübələri araşdırılıb. Layihənin sosial aspektləri və ümumilikdə sosial sığortanın vətəndaşın pensiya təminatı ilə bağlı əsas təminat mənbəyi olduğunu nəzərə alaraq sosial sığorta yükünün azaldılması məqsədilə hazırlayacağımız istiqamətlər sosial-iqtisadi siyasət çərçivəsində geniş əhatə dairəsinə malik olan mikro sahibkarlıq subyektlərinə dövlət dəstəyinin təzahürü kimi çıxış etmiş olacaqdır.

– Yol Xəritəsi çərçivəsində aparılan bu dəyişikliklər prosesi özəl sektorla müzakirə olunurmu? Sahibkarların biznes mühitinin təkmilləşdirilməsi prosesində fəallığı necədir?

– Qeyd edim ki, işçi qrup tərəfindən Yol Xəritəsi üzrə 2 il üçün 54 tədbirin həyata keçirilməsi müəyyənləşdirilib. Bu tədbirlərin həyata keçirilməsində sahibkarların ictimai təşkilatları, ictimai qurumlar, assosiasiyalar və konsaltinq şirkətləri ilə birgə çalışırıq. Vergi orqanları biznes mühitinin cəlbediciliyinin artırılmasına töhfə verə biləcək bütün təkliflərin ətraflı müzakirəsinin təşkilinə hazırdır.

İşçi qrupun tərkibində hazırlanan islahat layihələrində özəl sektorun və vətəndaş cəmiyyətinin rəyinin müntəzəm və sistemli qaydada nəzərə alınmasına imkan verən mexanizm mövcuddur. Burada biznesin problemləri ilə yaxından və dərindən tanış olan konsaltinq şirkətləri və biznes assosiasiyaları, ictimai birliklər, beyin mərkəzləri, elm dairələri, müxtəlif dövlət qurumları, publik hüquqi şəxslər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, müəssisə və təşkilatların mütəxəssisləri və müstəqil ekspertlər təmsil olunur. Biznes strukturlarından gələn təkliflərin nəzərə alınması onların bu prosesə inamını və marağını daha da artırır. Əminəm ki, hökumət, özəl sektor və vətəndaş cəmiyyətinin fəal dialoqu çərçivəsində qurulan bu əməkdaşlıq milli vergi sisteminin daha da irəli aparılması və iqtisadi islahatların təşviqinə böyük töhfə verəcək.

-Nicat müəllim, Dünya Bankı bu yaxınlarda qiymətləndirmə prosesi olaraq “Business Ready” layihəsini elan edib. Bu Yol Xəritələri çərçivəsində həyata keçirilən tədbirləri nə dərəcədə qiymətləndirəcək?

– Dünya Bankı Qrupunun yeni elan etdiyi “Business Ready” (B-Ready) bundan əvvəl tətbiq edilən dərci dayandırılmış “Doing Business” hesabatını əvəz edəcək. B-READY dünyanın əksər iqtisadiyyatlarını əhatə edən və özəl sektorun inkişafı üçün biznes mühitinin kəmiyyət qiymətləndirməsini təqdim edən illik nəşr edilən hesabatdır. B-READY məlumatları və xülasə hesabatı siyasət islahatlarını təbliğ etmək, xüsusi siyasət məsləhətləri vermək və inkişaf siyasətinin araşdırması üçün məlumat təmin etmək məqsədi daşıyır. B-READY iqtisadiyyatın biznes mühitini 3 mərhələdə, qanunvericilik bazasına (çərçivəyə), müəssisə və bazarlara yönəldilmiş müvafiq dövlət xidmətlərinin göstərilməsinə və qanunvericilik bazası və dövlət xidmətlərinin praktikada vəhdətliyinin səmərəliliyinə diqqət yetirməklə qiymətləndirir.

“Business Ready” hər hansı şirkətin fəaliyyətinin başlanma, davam etmə, bağlanma və ya yenidən təşkili mərhələlərini əhatə edən 10 mövzuya fokuslanacaq: biznesə giriş, biznesin yerləşməsi, kommunal xidmətlər, əmək münasibətləri, maliyyə xidmətləri, beynəlxalq ticarət, vergi, bazarda rəqabət, mübahisələrin həlli və müflisləşmə.

Yeni proqram hər bir ölkədə biznes və investisiya mühitinin qiymətləndirilməsinə daha balanslı və şəffaf yanaşmanı əks etdirməlidir. Bu yanaşma həm Dünya Bankı daxilində, həm də kənar ekspertlərin, o cümlədən hökumətlərin, özəl sektor və ictimai təşkilatların tövsiyələri əsasında formalaşdırılıb.

Bunlar elə “Əlverişli Biznes Mühiti”nin qarşısında duran əsas hədəflərdir. Beləliklə, biz müvafiq sahədə işləri aparmaqda davam edəcəyik. Ümidvaram ki, Azərbaycan “Doing Business” hesabatında olduğu kimi, bu yeni dəyərləndirmə prosesində də fəal islahat aparan ölkələr sırasında öz yerini alacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər