7 C
Baku
Thursday, December 12, 2024

Biznes yeni qaydalarla “oynamağa” hazırdırmı?

Fəxri Ağayev yazır…

Bu gün dünya və ölkə iqtisadiyyatında baş verən proseslər Azərbaycanda sahibkarların, şirkətlərin, biznesin fəaliyyətinə birbaşa təsir göstərir. Əslində, iş dünyasında böhranlar normaldır – o mənada ki, hər zaman fərqli səbəblərdən çalxalanmalar olur və gələcəkdə də olacaq. Böhranların mənbələri arasında qlobal proseslər, regional siyası məsələlər, böyük və dərin texniki yeniliklər, müştəri davranışlarında və seçim mexanizmlərində kəskin dəyişiklikləri sadalamaq olar.

Biznesdə bu kimi halların daim və aralıqlarla baş verdiyini bilmək olduqca əhəmiyyətli məqamdır. Bu, ona görə vacibdir ki, böhranların, çalxalanmaların, tələbatın aşağı enməsi kimi məqamların bizi sahibkarlıq fəaliyyətində daim gözlədiyini bilirik və bunu qəbul ediriksə, atacağımız ən doğru addım bu kimi hallara hazır olmaqdır ki, onların təsirlərini azaldaq və ya yumşaldaq.

Son illərdə biz hamımız ölkədə iqtisadiyyat və biznes baxımından ciddi islahatların bünövrəsinin qoyulduğunun, şəffaflığa doğru istiqamətləndirildiyimizin şahidi olmuşuq. Bir çox sahələrdə eyni anda bünövrə qoyulma işlərinin aparılması iş dünyasını dəyişikliklərin geridönməzliyinə inandırıb.

Bu gün biznesimizin, iş adamları və sahibkarlarımızın qarşılaşdığı vəziyyətdə, olduqca istisna hal olmasına baxmayaraq, bir çox hallarda şirkətlərimizin bu hadisəyə psixoloji cəhətdən, biznesin strukturu və idarəçiliyi baxımından hazır olmadığı bir həqiqətidir.

Həmin işlərdə təcrübə olduqca əhəmiyyətli rol oynayır. Təcrübə nədir? Başımıza gələn hadisələr deyil, qarşılaşdığımız vəziyyətlərdən çıxardığımız nəticələrdir.

Məhz buna görə də, Sahibkarlar Klubu olaraq, onlayn rejimdə “beyin fırtınası” etdik və Azərbaycanda sahibkarların, biznes rəhbərlərinin bu hadisələrin baş verməsi halında necə davranmasının lazım olması haqda düşündük, bir sıra məsləhət və tövsiyələrimizi yazdıq. Bütün təklifləri bir sənədə toplayaraq və əlavə fikirlər də qataraq, məqalə formasında iş dünyamıza təqdim etməyi düşündük.

– MALİYYƏ BİLİKLƏRİ və İNTİZAM. Təəssüf ki, ölkəmizdə firmaların miqyasından asılı olmayaraq, bir çoxlarında maliyyə mövzularında ciddi bilik və məlumat sıxıntısı var. Əksər firmaların illik planları və büdcələri olmadığına görə, sahibkar və ya rəhbər bir sənəddə il ərzində gəlirləri, xərcləri, mənfəəti, pul axınını, gedişatı, riskli dövrləri görmür və bu da qaranlıqda irəli getmək deməkdir. Gəlirlə mənfəətin fərqini bilmədən iş görən insanlar bir gün maddi boşluqla qarşılaşırlar. Bir digər məqam: mənfəəti iki cür formalaşdırmaq mümkündür – gəliri artıraraq və xərcləri azaldaraq. Şirkətlərimizdə xərclərin optimallaşdırılması ilə əlaqəli nəinki iş aparılmır, bunun əhəmiyyətsiz olduğu düşünülür və firmalar ancaq gəlirləri artıran satış üzərində fokuslanırlar.

Bir digər vacib mövzu: firmalarımızda maliyyə intizamı anlayışı yoxdur və şirkətlərin bu mənada yanaşması fərdlərdə olduğu kimidir – gəlir nə qədərdirsə, o qədər də xərclənir, maddi qənaət və kənarda maddi ehtiyat haqda düşünülmür. Bill Qeytsin bir kitabında oxumuşdum: gənc yaşlarında şirkəti kritik vəziyyətə düşür və insanların maaşlarını ödəyə bilmir. Kitabında yazır ki, özümə bir qayda qoydum – bundan sonra işçilərimin bir illik maaş və ödənişlərini ehtiyatda saxlayacağam, bir daha belə vəziyyət yaransa, bir illik nəfəsalma imkanım olsun, vacib ödənişlər üzündən komandamı də çətin durumda qoymayım.

– MÜŞTƏRİ SƏDAQƏTİ VƏ MÜŞTƏRİ BAZASI. Mətbuatdakı bütün çıxışlarımda daim dediyim cümləni bir daha təkrarlamaq istəyirəm – biznesin əsl sahibi Cənab Müştəridir. Müştərinin firmaya sadiq və razı olduğuna görə bağlı olması sözün əsl mənasında hər şeydir – reklam xərci olmadan təkrar satışlar, ən güclü reklam növü olan “ağızdan ağıza” reklam, yeni və keyfiyyətə digər müştəridən referans almış müştərilərin qazanılması. Bu məqsədlə firmada BÜTÜN proseslərin Cənab Müştəri ətrafında dönməsi, onun rahatlığı və maksimum komfortu üçün həyata keçirilməsi ilə bərabər, həm də Müştərilərimizin narazılıqları bizim üçün bir fəlakət olmalı, problemlər hər zaman onların lehinə həll edilməlidir.

Müştərilərlə əlaqəli digər vacib məqam müştəri bazasının mövcudluğudur. Bu gün şirkətləri, restoranları, kafeləri, mağazaları ayaq üstə saxlayan onların müştəriləridir. Məsələ budur ki, firmalarımızda bəzi hallarda müştəri bazası olmur. Təsəvvür edin ki, bir insan sizin şirkətdən bir neçə dəfə məhsul alıb, razıdır. Lakin bu insanla ünsiyyətimiz ancaq onun bizim məhsula tələbatı olanda qurulmamaldır – biz işi şansa buraxa bilmərik. Buna görə də baza olmalıdır ki, biz Müştərilərimizlə daim canlı və müsbət emosional ünsiyyətdə olaq – bayramlarını, ad günlərini təbrik edək, onlara yeniliklər, kampaniyalar, endirimlər haqda məlumatlar verək.

– BİZNESİN ONLAYN VERSİYASI vacibdir. Sadə misal: dünən bir dostum evə yemək və şirniyyat sifariş etmək istədi. Şirkətlərin saytları o qədər qarışıq, mürəkkəbdir ki, adam bundan, sadəcə, imtina etdi. Bu gün biz zamanın çox az olduğu, insanların artıq mağazaya getmək istəmədiyi, bəzi hallarda evdə və ya ofisdə ikən qərar verdiyi, sonra mağazaya, sadəcə, alış üçün getdiyi dövrdə yaşayırıq. Bunun bir üst versiyası odur ki, insan evdə qərar verir, ödənişi də edir və məhsul-xidmət (mümkün olduğu hallarda) qapısına gəlir. Son 20 gündə baş verən proseslər onu göstərdi ki, onlayn xidmətlər və mağazalar artıq zamanın tələbidir, böhran olmadığı halda belə Müştərinin tərcihidir.

Yuxarıda qeyd edilən məqamları nəzərə almaq sahibkarlarımız və biznesimiz üçün çox vacibdir, çünki sahibkarlıq və biznes fəaliyyəti daim qeyri-müəyyənliklər içində olan fəaliyyətdir. Qeyri-müəyyənliyin təsirini minimuma endirmək üçün isə hazırlıqlı və daxilən güclü olmaz lazımdır.

Azərbaycan biznesi bu gün ciddi dəyişikliklər mərhələsindədir – böyük sürətlə gedən islahatlar dövründə bir anda oyunun qaydaları, müəyyən müddət üçün olsa belə, dəyişdi. İndiki zamanda biznesdə çeviklik və yeni şərtlərə adatpasiya olma, elmi yanaşma kimi məqamlar olduqca vacibdir.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər