1 C
Baku
Saturday, December 14, 2024

Biznesin boz kardinalları

Fəxri Ağayev yazır…

Son səkkiz ildə Azərbaycan iş dünyasında diqqətimi çəkən bir trend oldu. Bir şirkət təsəvvür edin –  böyüyür, miqyası artır, genişləmə olur, komanda üzvlərinin sayı artır. İdarə heyəti formalaşır. Üst idarəçilər artıq şöbə və departament rəhbərlərini öz adamları arasından seçməyə başlayır.

Şirkət daxilində qruplaşmalar yaranır. Üst rəhbərlər arasında toqquşmalar artıq siyasi metodlarla aparılır və hər kəs əlində olan müxtəlif təsir mexanizmləri ilə digərlərindən hakimiyyət gücü əldə etmək üçün pay almağa çalışır.

Şirkətin böyüməsi orada işləyən vəzifəli insanların iştahlarının, status və gözləntilərinin də böyüməsi anlamına gəlir.  Marketinq, satış, maliyyə, satın alma, anbar rəhbərləri arasında qarşıdurmalar, qruplaşmalar, vəzifə və status döyüşləri, ofis müharibələri başlayır və davam edir.

Bir müddət sonra artıq şirkətin işləri qalır kənarda – rəhbər vəzifələrdə işləyənlər şəxsi mənafeləri uğrunda mübarizə aparırlar. HR rəhbəri satış müdirinin işlərinə zərər vermək üçün güclü namizədləri gizlədir və mağazalara göndərmir, marketinq rəhbəri satış tərəfindən edilən səhvləri toplayır və iclasda nəticələrini şişirdərək hər kəsə və rəhbərə təqdim edir, maliyyə müdiri marketinqin apardığı işlərdə kiçik səhvləri belə ciddi mənfi formatda hesabatlara salır.

Azərbaycanda böyüməkdə olan və böyük şirklətlərin 90 %-də bu hallar baş verir. Kiçik bir məqam odur ki, bu hadisələr ancaq psixoloji və idarəçilik baxımından zəif sahibkarın firmalarında mümkündür – güclü və qətiyyətli bir insanın yanında belə hallar baş verə bilməz.

Mübarizə aparan idarəçilər arasında bir nəfər mütləq seçilir. Bu adam peşə sahəsində özü kimi idarəçilər olan rəqiblərlə mübarizə aparmaqla bərabər, kiçik addımlarla sahibkarın yanında öz vəziyyətini gücləndirməyə başlayır. İlk başda bu yüksəliş gözə batmır.

Sahibkarın qeyri-populyar işlərini etməklə onun gözündə xal qazanmağa başlayır – sahibkar kimisə bəyənmirsə, iclasda bir anda kəskin formada o adama hücum edir və pərt edərək, işdən çıxmasına zəmin yaradır; növbəti ayda sahibkarın demək istədiyi, amma deməyə çəkindiyi hansısa bir fikrini idarəçilər arasında öz adından təklif edir (misal üçün, gəlin naharları yığışdıraq, çünki şirkət üçün böyük xərcdir bu mərhələmizdə); bir ay sonra işə gecikənlərlə əlaqəli sərt bir nizam-intizam cəzasını iclasda təklif edir.

Bir müddət sonra bu insan artıq sahibkarın inamını qazanır və komanda içərisində olan digər idarəçilər bu insanın gözəgörünməz gücünü hiss etməyə başlayırlar.

Bu insanın təxminləri artıq doğru olmağa başlayır – filan qərar alınmalıdır, o adam işdən ayrılmalıdır, bu iş görülməməlidir… Dediyi hər şey bir müddət sonra olur və o da və öz hakimiyyət gücünü göstərmək üçün bunu nəzərdə tutaraq insanların yadına salır.

Sahibkar artıq iclaslarda bu insana birbaşa müraciət edərək əsas tapşırıqları verir və digər idarəçilər arasında onu seçmiş olur. Bir çox qərarların alınmasını sahibkar ona həvalə edir və bunu rəhbərlərə bildirir.

– Hansısa əməkdaş yüksəldiləcəkmi? Rüfət müəllimə deyin, o həll edəcək.

– Kimsə böyük səhv edib və işdən azad edilməlidir? Rüfət bəyə bildirin, qərarı o verəcək.

– Maaşların artırılması müzakirə edilməlidir? Rüfət bəyə danışın, o mənə məruzə edəcək.

Bu mərhələdə artıq həmin insan olur şirkətin boz kardinalı.

Zaman keçir. Artıq Rüfət bəy şirkətdə bir çox prosesləri özü idarə edir. Sahibkarın da işi asanlaşır – çünki o özü olur ağ geyimli və müsbət qəhrəman və lazım olduğu zamanlarda “çirkli” işləri etdirir Rüfətə.

Zaman keçdikcə özünü güclü hiss etməyə başlayan Rüfət reallıq hissini itirir və idarəçiləri, rəhbərləri də əzməyə, sıxışdırmağa başlayır.

Ətrafında ona dəstək olan halqa yaranır – yaltaqları, ona inanaraq karyera quranlar, fürsətçilər. Bunlar adətən heç bir sahədə peşəkarlaşmamış karyeristlərdir. Ona qarşı açıq çıxanlar olmasa da, peşəkarlar arasında artıq üstü örtülü bir müxalifət olur. Bunu hiss edən boz kardinal peşəkarları və mütəxəssisləri işdən uzaqlaşdırmağa başlayır, onların yerinə öz kadrlarını yerləşdirir, qalanlara isə kölgə salır və ya salmağa çalışır.

Firmanın işləri artıq dəyişməyə başlayır – iş getməsə də, işlərin gedişatı haqqında gözəl sözlər danışılır, sahibkara səhv və ya təhrif edilmiş məlumatlar verilir.

Reallıq hissini itirən boz kardinal bir az daha irəliyə gedir və ona qarşı çıxanlardan işdən çıxarıldıqdan sonra belə qisas alır – onlar üçün yeni iş yerlərində pis referanslar verir, işdən gedərkən əlindən gəldiyi pislikləri edir.

Gücünü hiss edən və artıq özünə aşırı dərəcədə inanan kardinal artıq sahibkarın belə qərarlarını qəbul etməyəcək qədər cəsarətlənir və gəmidə gəmiçi ilə mübahisələr etməyə başlayır. Bu, boz kardinalın sonunun başlanğıcıdır.

İşdən ayrılan peşəkarlar yerinə artıq qeyri-ciddi, amma Rüfətə yaxın olan insanlar gəlir. İşlərdə axsamlar meydana gəlir.

Sahibkar yavaş-yavaş oyanmağa başlayır və artıq nələrinsə səhv getdiyini hiss etməyə başlayır. Boz kardinaldan gələn məlumatların şəffaflığı və dəqiqliyi araşdırılır.

Və o gün gəlir – sahibkar şirkət daxilində təhlükəli bir vəziyyətin yarandığını görür və durumu dəyişmək üçün bəzi qəti qərarları alır. Boz kardinalı işdən dərhal çıxarmaq olmur – şirkət haqqında çox şey bilir. Boz kardinala qarşı bir fənd işlədilir – buna iş dünyasında “kənara pas” deyilir. Rüfət ciddi əhəmiyyəti olmayan bir şirkətə baş direktor təyin edilir – və mərkəzdən uzaqlaşdırılır.

İşləmək yerinə oyun oynamağa, tələ qurmağa və mübarizə aparmağa öyrəşmiş bir insanın artıq işləməyə nə həvəsi var, nə də vərdişi. Bir müddət keçir. Pis nəticələrə görə, boz kardinal işdən birdəfəlik çıxarılır.

İşdən azad edilən boz kardinalları görmüsünüz? Mən görmüşəm. Hələ də görürəm. Zamanında gəzişi və baxışları ilə, dediyi qısa sözləri ilə insanlara stress yaşadan “güclü” bir insan ruhdan düşmüş cücəyə çevrilir.

Bundan sonra isə kardinalların karyerası çökür. Ölkə kiçik olduğuna görə, hər kəs kimin nəyi, harada və necə etdiyini çox gözəl bilir. İllərlə peşəkar bacarıqlarını itirən insan iş dünyasından kənara atılmış olur.

Və konfranslarda, forumlarda, tədbirlərdə işdən haqsızca qovduğu, əzdiyi insanların baxışları ilə qarşılaşmaq məcburiyyətində qalır.

Peşəkarlıq təbii ki, bilik, savad və təcrübədir. Bəli.

Ancaq ilk öncə peşəkarlıq etik dəyərlər tələb edir.

©Oxu.az

Son xəbərlər
Digər xəbərlər