Azərbaycanda milli valyutada yeni verilmiş biznes kreditlərinin orta faiz dərəcəsi 2014-cü ilin noyabrından bu tərəfə maksimuma yüksəlib.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, milli valyutada şirkətlərə verilən yeni kreditlərin orta faiz dərəcəsi 2024-cü ilin iyununda 10.46 faiz olub. Bu, öncəki ayda 10.40 faiz, ilin əvvəlində isə 10.14 faiz idi.
Manatda verilən yeni kreditlər üzrə orta göstərici sonuncu dəfə bu zirvədə 2014-cü ilin noyabrında qeydə alınıb və araşdırmaya əsasən, həmin tarixdə kreditlərin orta faizləri 10.64 faiz olmuşdu.
Biznes kreditləri son illərdə yeni tarixi zirvə olan 13 milyard 874.8 milyon manat ekvivalentinə yüksəlib. Bu, ilin əvvəlindən 10 faiz, son bir ildə isə 19 faiz yüksəlib.
Xarici valyutada bizneslərə verilən yeni kreditlərin orta faizləri 5.45 faiz olmaqla 2019-cu ilin noyabrından bu tərəfə maksimuma qalxıb.
Hüquqi şəxslərdən cəlb edilmiş manatdakı depozitlərin faizləri də yüksəlməkdə davam edir. Belə ki, iyul ayının əvvəlinə olan göstəriciyə əsasən, yeni cəlb edilmiş hüquqi şəxslərin depozitlərinin orta illik faizləri 6.37% olub və bu da son 9 ildə qeydə alınmış ən yuxarı göstəricidir.
Bu müddət ərzində fiziki şəxslərə verilən yeni kreditlərin orta faiz dərəcəsi isə əksinə düşüb. Manatda fiziki şəxslərə verilən yeni kreditlər üzrə orta illik faizlər 16.14 faiz təşkil edib. Bu, indiyə qədər qeydə alınan ən aşağı rəqəmdir.
Qeyd edək ki, son illərdə Azərbaycan Mərkəzi Bankı kredit və faizlər üçün ölkə üzrə bençmark sayılan uçot faiz dərəcəsini 10%-ə yaxın bir səviyyədən 7%-ə qədər azaldıb. Qeyd edilən azaldılma nəzəriyyə ilə əslində depozit və kredit faizlərinə təsir etməli idi. Lakin tənzimləyicinin bu alətinin hələ ki, bazarda güclü təsiri yoxdur. Mərkəzi Bankın sədri son cari ildə uçot faiz dərəcəsinin bazarda təsirsiz olmasının bir sıra avtonom faktorlarla əlaqəli olduğunu izah etmişdi.