Dünyanın ən böyük şirkətlərinin baş icraçı direktorları süni intellektə yatırımları artırmaq niyyətindədirlər — hətta bu layihələrin əhəmiyyətli hissəsi hələ mənfəət gətirməsə belə. Hamı qabaqlayıcı davranmağa çalışır: süni intellektə kifayət qədər yatırım etməmək, artıq xərcləyib tezliklə geri dönüş almamaqdan daha riskli qərar sayılır.
Biznes nə deyir
Konsaltinq şirkəti Teneonun sorğusuna görə, baş icraçı direktorların 68%-i 2026-cı ildə süni intellektə xərcləri artırmağı planlaşdırır. Araşdırmada illik gəliri 1 milyard dollardan çox olan 350-dən artıq şirkət rəhbəri iştirak edib. Respondentlərin sözlərinə görə, bu investisiyaların geri dönüşü hələ zəifdir: mövcud süni intellekt layihələrinin yarısından azı onlara çəkilən xərclərdən artıq gəlir gətirir.
Özünü doğrultma müddəti ilə bağlı qiymətləndirmələr isə fərqlidir. İnstitusional investorlar daha nikbindir: onların 53%-i süni intellektdən maliyyə gəlirini artıq yaxın altı ay ərzində görəcəyinə ümid edir. Şirkət rəhbərləri, xüsusən də iri biznesin CEO-ları daha ehtiyatlı mövqedədirlər. İllik gəliri 10 milyard dollardan çox olan şirkətlərin rəhbərlərinin 84%-i hesab edir ki, mənfəətə çıxmaq üçün altı aydan daha uzun vaxt lazım olacaq.
Süni intellekt harada “atəş açdı”
Hazırda süni intellekt ən yaxşı nəticəni marketinq və müştəri dəstəyi xidmətlərində göstərib. Hüquq, insan resursları və təhlükəsizlik sahələrində isə geri dönüş xeyli zəifdir.
Bundan əlavə, proseslərin avtomatlaşdırılması səbəbindən kütləvi ixtisarlarla bağlı müzakirələrin əksinə olaraq, CEO-ların 67%-i hesab edir ki, 2026-cı ildə süni intellekt yeni başlayan mütəxəssislərin işə qəbulunu artıracaq, 58%-i isə rəhbər və idarəçi vəzifələrin sayının artacağını gözləyir. Sorğuda qeyd olunur ki, biznes hazırda aktiv şəkildə mühəndisləri və süni intellekt üzrə digər mütəxəssisləri işə götürür. Teneo-da süni intellekt istiqamətinin rəhbəri Rayan Koksun sözlərinə görə, bu texnologiya “işçi qüvvəsini məhv etmir”, sadəcə “onun strukturunu dəyişir”.
Bilmək vacibdir
Avqust ayında dərc olunmuş MIT araşdırması göstərib ki, şirkətlərin 95%-i hələlik generativ süni intellektə yatırımlardan maliyyə gəliri görmür. Məhz süni intellekt tərtibatçılarına yönələn nəhəng investisiyalarla zəif nəticələr arasındakı bu uyğunsuzluq “köpük” barədə müzakirələr üçün zəmin yaradıb. Narahatlığı daha da gücləndirən amil isə bazarın aparıcı oyunçuları arasında milyardlarla dollar dəyərində olan sövdələşmələrin qapalı dövriyyəsidir.
Bain & Company konsaltinq şirkətinin hesablamalarına görə, süni intellekt infrastrukturasına qoyulan investisiyaları doğrultmaq üçün bazar 2030-cu ilə qədər illik təxminən 2 trilyon dollar gəlir səviyyəsinə çatmalıdır.








