“ABŞ Avropaya təbii qaz tədarükünü artırmağa çalışır, Ukraynaya bu növ yanacağın tədarükü ilə bağlı Avropa İttifaqının layihələrini dəstəkləmək niyyətindədir”.
Belə bəyanatla ABŞ dövlət katibi Entoni Blinken çıxış edib. O, Vaşinqtonda nazirlər səviyyəsində keçirilən ABŞ-Avropa İttifaqı Enerji Şurasının iclasında iştirak edib.
“Prezident Co Bayden ABŞ-ın Avropaya enerji təchizatında hər hansı bir fasilənin aradan qaldırılmasına kömək etmək üçün əlindən gələni edəcəyinə söz verib. Və həqiqətən də, biz artıq bunu edirik. Qısa müddətdə təbii qaz tədarükünün artırılması ilə bağlı bütün dünyada hökumətlər və əsas yanacaq təchizatçıları ilə müzakirələr aparırıq”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın təcavüzü səbəbindən enerji təhlükəsizliyi təhdid altında olan Ukraynaya da kömək edilməsi nəzərdə tutulub
“ABŞ Avropadan Ukraynaya qaz axınına imkan verəcək layihələri dəstəkləmək istəyinə görə Aİ-yə minnətdardır. Biz diplomatiya və texniki vasitələrlə bu səylərə kömək etməyə hazırıq”.