ABŞ dövlət katibi Entoni Blinken Cənubi Koreyanın xarici işlər naziri Pak Çin və Yaponiyanın xarici işlər naziri Yoko Kamikava ilə üçtərəfli telefon danışığı aparıb və onlar KXDR-in noyabrın 21-də “Malligön-1” kəşfiyyat peykini orbitə buraxmasını müzakirə ediblər.
Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller açıqlama verib.
“Dövlət katibi və nazirlər bu buraxılışı regionda sabitliyi pozan təsirinə görə qətiyyətlə pisləyiblər”, – Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilib.
Qeyd olunub ki, tərəflər “KXDR-in məsuliyyətsiz və qanunsuz hərəkətlərinə cavab olaraq Kemp Devid Sammiti ruhunda intensiv üçtərəfli məsləhətləşmələri davam etdirəcəklər”.