ABŞ prezidenti Donald Tramp administrasiyası xarici alıcıların süni intellekt üçün Amerika istehsalı çipləri əldə etməsi üçün hökumətdən lisenziya almasını tələb edən təşəbbüsü nəzərdən keçirir. Bu barədə “Bloomberg” mənbələrə istinadən yazır. Yeni qaydalar Vaşinqtona digər ölkələrin süni intellekt modellərinin öyrədilməsi və işə salınması üçün obyektlər qura bilib-bilməyəcəyinə qərar vermək baxımından geniş səlahiyyətlər verə bilər.
Təşəbbüsün detalları hələ məlum deyil. Agentliyin qeyd etdiyinə görə, şərtlərdən asılı olaraq yeni qayda həm çiplərin satışını yavaşlada, həm də onların ixracını sürətləndirən mexanizm rolunu oynaya bilər. Xəbərin dərcindən sonra ticarət sessiyasının yekunlarına görə “Nvidia” səhmləri 0,2% artıb, AMD səhmləri isə 1,3% ucuzlaşıb.
“Bloomberg” yazır ki, yeni sistem müraciətlərin sürətlə emal olunmasına və icazələrin tez verilməsinə imkan versə, bu, mikrosxem istehsalçılarına təsir etməyəcək. Əks halda, qayda ixracı məhdudlaşdırarsa və ya iri sifarişlərin rədd edilməsinə gətirib çıxararsa, bu, etirazlara səbəb ola bilər. ABŞ Ticarət Nazirliyi isə “yanaşmanın rəsmiləşdirilməsi ilə bağlı daxili müzakirələrin” aparıldığını təsdiqləsə də, hökumətin “ABŞ texnologiyalarının təhlükəsiz ixracına dəstək vermək niyyətində olduğunu” vurğulayıb.






