6 C
Baku
Wednesday, February 25, 2026

Bloomberg: ABŞ Hindistandan günəş panellərinin idxalına 126% rüsum tətbiq edib

ABŞ Hindistandan günəş panellərinin tədarükünə 126%-lik ilkin rüsum tətbiq edib. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Oxşar rüsumlar İndoneziyadan idxal edilən günəş panellərinə 86%-dən 148%-dək, Laosdan idxala isə 81% səviyyəsində müəyyən edilib. Tariflər xarici subsidiyaların müəyyənləşdirilməsi əsasında tətbiq olunub. Vaşinqtonun iddiasına görə, bu subsidiyalar həmin ölkələrin ixracatçılarına məhsulu ABŞ istehsalçıları ilə müqayisədə daha ucuz qiymətə təklif etməyə imkan verib. Rüsumların artırılması ABŞ günəş enerjisi bazarında ədalətli rəqabətin təmin olunmasına, daxili istehsal güclərinin bərpasına və yüksək maaşlı iş yerlərinin yaradılmasına yönəlib.

Bloomberg-in məlumatına görə, 2025-ci ilin ilk yarısında ABŞ-ın günəş modulları idxalının 57%-i Hindistan, İndoneziya və Laosun payına düşüb. Agentliyin ekspertləri bildiriblər ki, yeni yüksək rüsumlar Hindistandan günəş panellərinin ixracı üçün ABŞ bazarını faktiki olaraq əlçatmaz edəcək.

ABŞ Ticarət Nazirliyinin statistikasına əsasən, 2024-cü ildə Hindistandan günəş panelləri idxalı $792,6 milyon təşkil edib ki, bu da 2022-ci illə müqayisədə iki dəfədən çox artım deməkdir.

Çərşənbə axşamı ABŞ prezidenti Donald Trampın bütün ölkələrdən idxala 150 gün müddətinə 10%-lik rüsum tətbiqini nəzərdə tutan fərmanı qüvvəyə minib. Bununla əlaqədar Hindistan və ABŞ nümayəndələrinin müvəqqəti ticarət sazişinin hüquqi mətninin yekunlaşdırılması üzrə görüşü mart ayına təxirə salınıb.

Bu ayın əvvəlində Hindistan və ABŞ birgə bəyanat yayaraq ticarət sazişinin ilk hissəsi üzrə işlərin başa çatdığını elan etmişdilər. İndi həmin müddəalar hər iki tərəf tərəfindən imzalanacaq hüquqi sənədə çevrilməlidir.

Son xəbərlər
Digər xəbərlər