ABŞ-dən (dünyanın ən böyük istehsalçısı) Çinə (dünyanın ən böyük idxalçısı) neft tədarükü iki ölkə arasında artan ticarət müharibəsi fonunda tamamilə dayanmağa yaxındır. “Bloomberg”in qeyd etdiyi kimi, tədarük 2025-ci ilin əvvəlindən davamlı olaraq azalır və hər iki tərəfin rüsumları artırması vəziyyəti daha da pisləşdirir.
“Vortexa” analitika şirkətinin məlumatına görə, ABŞ-dən neft tədarükü Çin üçün həyati əhəmiyyət kəsb etmir – ilin ilk aylarında ABŞ Çinin ümumi idxalının cəmi 1%-ni təşkil edib. Lakin tədarükün dayandırılması iki ən böyük iqtisadiyyat arasında ticarət əlaqələrinin ümumi pozulmasının göstəricisidir.
“Vortexa”nın baş analitiki İvan Metyus qeyd edir ki, “Çin ABŞ mallarına 84% rüsum tətbiq edir ki, bu da ABŞ neftinin qiymətinin təxminən iki dəfə artmasına və 51 dollar bahalaşmasına səbəb olur”. Ekspert hesab edir ki, bu səbəbdən Çinin xam neft idxalı “mövcud tariflər saxlanılarsa, yaxın aylarda sıfıra yaxınlaşacaq”. Beləliklə, neftin bir hissəsi Asiyanın digər alıcılarına tədarük ediləcək. Və Çin yaranan kəsiri Oman və ya BƏƏ kimi Yaxın Şərq istehsalçılarından neft almaqla ödəyəcək. Ekspertin fikrincə, İran və Rusiyadan alışların artırılması variantını istisna etmək olmaz.