7 C
Baku
Wednesday, February 28, 2024

“Bloomberg”: ABŞ Tayvana sürətləndirilmiş prosedur üzrə 500 milyon dollarlıq silah göndərəcək

ABŞ Ukraynaya hərbi yardım göstərmək üçün istifadə edilən sürətləndirilmiş prosedur çərçivəsində Tayvana 500 milyon dollar dəyərində silah ötürməyə hazırlaşır.

Bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

Onların sözlərinə görə, ABŞ Prezidenti Cozef Baydenin göstərişi ilə ABŞ-nin mövcud ehtiyatlarından 500 milyon dollar dəyərində “silah və ya dəstək ləvazimatları” ayrılacağı gözlənilir. “Bloomberg” qeyd edib ki, bu paketə hansı avadanlıqların daxil olacağı hələ məlum deyil.

Agentliyin izah etdiyi kimi, 2022-ci ilin dekabrında qəbul edilmiş ABŞ-nin 2023-cü maliyyə ili üçün müdafiə büdcəsi layihəsində (oktyabrın 1-dən başlayaraq) prezidentin öz mülahizəsinə əsasən Tayvana 1 milyard dollara qədər hərbi yardım göstərə biləcəyi barədə bənd var. Bu prosedur Vaşinqtona silahların istehsalı üçün müqavilə bağlamaq əvəzinə mövcud ehtiyatlardan müttəfiqlərə silah ötürmək rejimini sürətləndirməyə imkan verir.

“Bloomberg” bu prosedurun əvvəllər silahların Tayvana ötürülməsi üçün istifadə edilmədiyini vurğulayır. Eyni zamanda, ABŞ administrasiyası bundan “Ukraynaya silah tədarükünü sürətləndirmək üçün istifadə edir”.

Qeyd edək ki, Tayvan (və ya Çin Respublikası) suverenliyi 14 dövlət tərəfindən qəbul edilən qismən tanınan dövlətdir. Formal olaraq Çin Respublikası 1911-ci ildə yaradılıb, lakin faktiki olaraq bu dövlət Tayvan adasında 1950-ci illərin əvvəllərindən mövcuddur. Belə ki, Çində vətəndaş müharibəsindən sonra Pekində hakimiyyətdən endirilən Qomindan Partiyasının tərəfdarları ora qaçıblar. Həmin dönəm ABŞ Çin Xalq Respublikasını tanımayaraq ancaq Tayvandakı hökuməti legitim hesab edirdi.

1970-ci illərin əvvəllərinə qədər Çini BMT-də faktiki təmsil edən Tayvan olub. Lakin ABŞ-ın o dönəmki Prezidenti Riçard Niksonun Çinə səfərindən və ABŞ-Çin münasibətlərinin yaxşılaşmasından sonra ABŞ kommunist Çinin beynəlxalq hüququn subyekti olması ilə razılaşıb. Beləliklə, nəzəri olaraq Tayvana istənilən səfər rəsmi Pekinin nöqteyi-nəzərindən qanuna ziddir.

Buna baxmayaraq, ABŞ rəsmi olaraq Tayvanla möhkəm iqtisadi və siyasi, o cümlədən müdafiə sahəsində sıx əlaqələr saxlayır.

Son xəbərlər
Digər xəbərlər