ABŞ və İsrail Fələstinin HƏMAS hərəkatının məğlubiyyəti və anklavda hərbi əməliyyatların dayandırılması halında Qəzza zolağına sülhməramlı qüvvələrin göndərilməsi imkanını nəzərdən keçirir, bu barədə “Bloomberg” yazır.
Agentliyin məlumatına görə, müharibə başa çatdıqdan sonra Qəzzanın inkişafı planı çərçivəsində üç variant müzakirə edilir. Birincisi Qəzzanın ABŞ, Böyük Britaniya, Almaniya və Fransanın dəstəyi ilə Yaxın Şərq regionu ölkələrinin, məsələn, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin nəzarətinə keçəcəyini nəzərdə tutur.
İkinci variant Misir və İsrail arasında 1979-cu il müqaviləsində nəzərdə tutulan missiyaya bənzər sülhməramlı missiyanın yaradılmasını nəzərdə tutur. Sənəd ölkələr arasında hərbi əməliyyatların dayandırılmasını və daha sonra sərhədin hər iki tərəfində əvvəlcədən razılaşdırılmış zonalarda BMT-nin sülhməramlı qüvvələrinin yerləşdirilməsini ehtiva edir. Agentlik mənbələri bildirirlər ki, İsrailin fikrincə, bu, diqqətə layiq olan variantdır.
Üçüncü varianta əsasən, Qəzza zolağı müvəqqəti BMT-nin nəzarətinə keçəcək. Lakin İsrail bu planı praktiki hesab etmir. “Bloomberg”in həmsöhbətləri qeyd edirlər ki, Qəzza zolağının gələcək inkişafı ilə bağlı danışıqlar ilkin mərhələdədir və bəzi Amerika rəsmiləri bu planların həyata keçirilməsini çətin hesab edirlər. Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Adrian Vatson agentliyə bildirib ki, “ABŞ silahlı qüvvələrinin sülhməramlı missiyanın bir hissəsi kimi Qəzzaya göndərilməsi müzakirə edilmir”.
Qəzza zolağı oktyabrın 7-də İsraili kütləvi raket atəşinə tutan, ölkəyə daxil olan və insanları girov götürən HƏMAS silahlılarının nəzarəti altındadır. İsrail Qəzza zolağında cavab hərbi əməliyyatına başlayıb. İsrail tərəfinin məlumatına görə, döyüşlər zamanı 1.4 mindən çox israilli həlak olub. Qəzza Səhiyyə Nazirliyi anklavda 8 mindən çox sakinin öldüyünü bildirib.