Böyük Britaniyada hər on müəssisədən altısı elektrik enerjisinin qiymətlərinin artması səbəbindən bağlana bilər.
Bu barədə Bloomberg agentliyi Britaniya istehsalçılarının maraqlarını təmsil edən “Make UK” qrupunun araşdırmasına istinadən məlumat yayıb.
Qeyd olunub ki, ölkə istehsalçılarının təxminən yarısı üçün elektrik enerjisi ödənişləri son bir ildə 100%-dən çox artıb. Bildirilib ki, mövcud böhran istehsalçılara istehsalı azaltmaq və ya kömək edilmədiyi təqdirdə tamamilə dayandırmaq arasında ciddi seçim təqdim edir.
Qrupun məlumatına görə, fabriklərin 13%-i artıq iş saatlarını azaldıb, 7%-i isə istehsalı daha uzun müddətə dayandırıb.
Oktyabrın 1-dən Böyük Britaniyanın enerji tənzimləyicisi qazın qiymətinin kəskin artması fonunda elektrik enerjisinin qiymətini 80% artıraraq rekord məbləğə – ildə 3,549 funt-sterlinqə (4,081 ABŞ dolları) çatdırıb. Ekspertlərin fikrincə, gələn ilin aprel ayına qədər qiymətlər 7,7 min funt-sterlinqə (təxminən 9 min ABŞ dolları) çata bilər.