Cənubi Koreya fond bazarının həcminə görə dünyada altıncı yerə yüksələrək bu göstərici üzrə Hindistanı geridə qoyub. Bu barədə öz hesablamalarına istinadən “Bloomberg” məlumat yayıb.
Agentliyin qiymətləndirməsinə görə, KOSPI, KOSDAQ və KONEX birjalarında ticarət olunan Cənubi Koreya şirkətlərinin ümumi bazar kapitallaşması ilin əvvəlindən 86% artaraq 5,01 trilyon dollara çatıb. Müqayisə üçün, Hindistan şirkətlərinin ümumi kapitallaşması 4,8 trilyon dollar təşkil edir.
Beləliklə, fond bazarının ölçüsünə görə Cənubi Koreya yalnız ABŞ, Çin, Yaponiya, Honkonqg və Tayvandan geri qalır. Bundan əvvəl ölkə bu göstərici üzrə Kanada, Almaniya, Böyük Britaniya və Fransanı geridə qoymuşdu.
“Bloomberg” qeyd edir ki, yüksəlişin əsas səbəblərindən biri süni intellekt (AI) sistemləri üçün çiplərə olan yüksək tələbatdır. Cənubi Koreyada bu sahədə fəaliyyət göstərən iri istehsalçılar, o cümlədən “Samsung” və “SK hynix” mövcuddur. Hər iki şirkətin bazar kapitallaşması bu il 1 trilyon dollar həddini keçib.
Analitiklərin fikrincə, Hindistan hələlik süni intellekt texnologiyalarının yaratdığı bumdan eyni dərəcədə faydalana bilmir. “Lighthouse Canton” investisiya şirkətinin Hindistan üzrə investisiya direktoru Abhay Ledjava bildirib ki, hazırda süni intellekt bazarın əsas mövzusudur və yarımkeçiricilər bu tendensiyanın mərkəzində dayanır. Onun sözlərinə görə, inkişaf etməkdə olan bazarlar arasında bu hekayənin əsas benefisiarları Hindistan deyil, Tayvan və Cənubi Koreyadır.







