Yaxın Şərqdə gərginliyin artması fonunda Çin fond bazarı demək olar ki, zərər görməyib və investorların diqqətini cəlb etməyə davam edir. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Bununla belə, nəşrin fikrincə, bu vəziyyət Çində yalnız qısamüddətli perspektivdə davam edə bilər. Məqalə müəllifləri qeyd edirlər ki, son həftələr qlobal bazarlarda “amerikan dağları”nı xatırladan dalğalanmalar müşahidə olunub. Neftin qiyməti bir barel üçün demək olar ki, 120 dollara qədər yüksəldikdən sonra səhmlər ucuzlaşıb. Daha sonra isə Ağ Evin nümayəndələrinin münaqişənin başa çata biləcəyi ilə bağlı açıqlamaları fonunda kotirovkalar yenidən bərpa olunub.
Agentlik xatırladıb ki, Çinin CSI 300 indeksi bu dövrdə demək olar ki, dəyişməyib — fevralın sonundan bəri cəmi 0,1% azalıb. Bundan əlavə, Goldman Sachs Group Çin səhmləri üçün “bazardan yüksək gəlirlilik” reytinqini təsdiqləyib. Yuan da dollar qarşısında demək olar ki, əvvəlki səviyyədə qalıb.
Məqalə müəllifləri vurğulayırlar ki, bunun əsas səbəbi Çinin enerji sektorudur. İnvestorlar bu sahəyə xüsusi diqqət yetirirlər — CSI 300 Energy sektor altindeksi ən böyük artımı göstərərək təxminən 8% yüksəlib.
Martın 2-də ABŞ və İsrailin İranla silahlı qarşıdurması fonunda Avropada qazın qiyməti 50%-dən çox artıb. Həmin gün Brent markalı neftin qiyməti 12% yüksəlib.
ICE birjasının məlumatına görə, Avropada ticarət həcminə görə ən böyük qaz qovşağı olan Niderlanddakı Title Transfer Facility (TTF) platformasında qazın aprel fyuçerslərinin qiyməti 1 MVsaat üçün 48,85 avroya (yəni 1000 kubmetr üçün 591,5 dollar) qədər yüksəlib. Bu, fevralın 27-də ticarət sessiyasının bağlanışı zamanı qeydə alınan 1000 kubmetr üçün 390,3 dollar göstəricisindən 52% çoxdur. Avropada qazın qiyməti sonuncu dəfə belə səviyyədə ötən ilin fevral ayının əvvəlində olmuşdu.







