30 C
Baku
Tuesday, August 12, 2025

“Bloomberg” Danimarkanın fond bazarını inkişaf etmiş ölkələr arasında ən zəif adlandırıb

Danimarka fond bazarı bu il inkişaf etmiş bazarlar arasında ən zəif göstərici nümayiş etdirib, “Bloomberg” yazır. Bildirilir ki, Danimarkanın 25 ən böyük şirkətini izləyən OMXC25 indeksi 2025-ci ilin əvvəlindən 7%, son 12 ayda isə 14% düşüb. Müqayisə üçün: ümumavropa indeksi olan “Stoxx Europe 600” eyni dövr ərzində müvafiq olaraq 7.8% və 9.6% azalıb.

OMXC25-in bu qədər zəif dinamikasının səbəbi “Ozempic” dərmanını istehsal edən “Novo Nordisk”in və dəniz-külək elektrik stansiyalarının ən böyük operatoru olan “Orsted” enerji şirkətinin kotirovkalarının çökməsidir. Belə ki, 11 avqustda “Orsted” səhmləri 31.9% ucuzlaşaraq 210.2 Danimarka kronuna düşüb.

“Novo” səhmləri öz növbəsində 48% ucuzlaşıb. “Bloomberg” xəbər verir ki, bir vaxtlar bazar kapitallaşması ilə Avropanın ən böyük şirkəti olan “Ozempic” istehsalçısı indi artan rəqabət şəraitində arıqladan dərman bazarında gəlirliliyi qorumaq üçün mübarizə aparır.

OMXC25 indeksinə daxil olan digər Danimarka şirkətləri də çöküşlə üz-üzədir. Məsələn, dərman istehsalçısı “Zealand Pharma”nın səhmləri bu il 50%-dən çox ucuzlaşıb. Digər bir şirkət “Pandora” ABŞ-nin idxal tariflərinin onun biznesinə təsiri ilə bağlı narahatlıqlar fonunda 20% ucuzlaşıb.

Danimarka səhmləri üçün “annus horribilis” (latınca “dəhşətli il” deməkdir) dövrü gəlib çatıb, bu barədə “Nordnet” şirkətinin investisiya iqtisadçısı Per Hansen deyib. Onun sözlərinə görə, qlobal investorlar Danimarka aktivlərini satırlar.

Son xəbərlər
Digər xəbərlər