Dünya bankları insanları süni intellektlə əvəz edərək, yaxın 3-5 il ərzində 200 minə qədər iş yerini ixtisar edə bilər. Bu proqnozu dünən, yanvarın 9-da “Bloomberg Intelligence” (BI) analitikləri dərc ediblər.
“Rutin və təkrarlanan işləri əhatə edən istənilən iş ixtisar olunma riski altındadır. Lakin süni intellekt bu vəzifələrin tamamilə yox olmasına deyil, işçi qüvvəsinin transformasiyasına gətirib çıxaracaq”, – BI-nin baş analitiki Tomasz Notzel bildirib.
Onun sözlərinə görə, 200 min iş yeri qlobal bank sektorunda ümumi işçi qüvvəsinin təxminən 3%-ni təşkil edir. Eyni zamanda, BI sorğusunda iştirak edən bank menecerlərinin dörddə biri hesab edir ki, yaxın illərdə işçi qüvvəsi daha əhəmiyyətli dərəcədə azalacaq: 5-10%.
Xatırladaq ki, “Citibank” 2024-cü ilin iyun ayında açıqlamışdı ki, süni intellekt bank işində digər sənayelərdən daha çox işçini əvəz edəcək. Onun hesablamalarına görə, bank sektorunda iş yerlərinin 54%-nin avtomatlaşdırılması üçün yüksək potensial var.
Tədqiqatın nəticələri göstərir ki, bank sənayesi gəlirlərin artmasına səbəb olacaq dəyişikliklərə məruz qalacaq. Belə ki, AI məhsuldarlığı artırmağa kömək etdiyi üçün bankların mənfəəti 2027-ci ildə 12-17% artacaq.