5 C
Baku
Tuesday, March 10, 2026

Bloomberg: Dünyada istehsal olunan iPhone-ların təxminən dörddə biri Hindistanda yığılır

ABŞ texnologiya nəhəngi “Apple” 2025-ci ildə Hindistanda iPhone istehsalını 53% artırıb və bu ölkədəki zavodlar artıq şirkətin bütün smartfonlarının təxminən dörddə birini istehsal edir. Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, 2025-ci ildə Hindistanda 55 milyon iPhone yığılıb. Bir il əvvəl bu göstərici 36 milyon idi. Ümumi istehsal həcmi isə — əsas hissəsi Çində həyata keçirilir — ildə təxminən 200–230 milyon cihaz səviyyəsində qiymətləndirilir.

2025-ci ildə “Apple” ABŞ-nin Çin mallarına tətbiq etdiyi idxal rüsumları səbəbindən istehsalın bir hissəsini aktiv şəkildə Çindən köçürürdü. Agentliyin qeydinə görə, Hindistan ABŞ bazarı üçün iPhone istehsalının artırılması baxımından əsas ölkəyə çevrilib. Bu, Hindistan və ABŞ arasında ticarətdə müəyyən gərginlik dövrlərinin olmasına baxmayaraq baş verib.

Cari ildə vəziyyət dəyişə bilər. Belə ki, 31 martda Hindistanda smartfon istehsalına verilən dövlət subsidiyalarının müddəti başa çatır. Bundan əlavə, ABŞ Ali Məhkəməsi Ağ ev tərəfindən tətbiq edilmiş rüsumların əsas hissəsini ləğv edib.

Bu fonda “Apple” və onun rəqibləri, o cümlədən Cənubi Koreyanın “Samsung Electronics” şirkəti Hindistan hökumətindən ölkədə smartfon istehsalını dəstəkləyən yeni tədbirlər tətbiq etməyi xahiş edirlər. Məqsəd Hindistanda istehsal olunan məhsulların qlobal bazarda rəqabət qabiliyyətini qorumaqdır.

“Apple” Hindistanda məhsul istehsalına 2017-ci ildə başlayıb. ABŞ və Hindistan KİV-lərinin qeyd etdiyi kimi, şirkət Çin təchizatçılarından asılılığı azaltmaq və dünyanın ən böyük bazarlarından biri olan Hindistan bazarında mövqeyini gücləndirmək üçün istehsalını şaxələndirir.

Son xəbərlər
Digər xəbərlər